“AAAF Holdinq” “AAAF Park” yaşayış kompleksində qiymətləri qaldırıb.

“Marja” xəbər verir ki, “AAAF Park”da tikilməkdə olan binada mənzilin 1 kvadratmetri 750 manatdan 950 manata, mansardda yerləşən mənzilin qiyməti isə 650 manatdan 850 manata qaldırılıb. Bu 200 manat və ya təxminən 27% qiymət artımı deməkdir.

QİYMƏTİ ARTIRIB, ƏVƏZİNDƏ İPOTEKANI FAİZSİZ EDİB

“AAAF Park” faizi müştəridən dolayı yolla alır. Parkın saytında verilən məlumata görə, “faizsiz daxili kredit” şərti ilə, mənzilə sahib olmaq üçün ilkin ödəniş məbləği kredit götürülən 10 ilə qədər 10 %, daha sonrakı illər üzrə isə həmin il qədər müəyyən olunur. Belə ki,

-10 ilə qədər 10 %,

-11 ilə 11 %,

-12 ilə 12 %…

-… 20 ilə cəmi 20 %.

Əslində kredit “faizsiz” təklif olunsa da, müştəri mənzilin kvadrat metrinə daha çox ödəməklə bu faizi ödəyir.

“Şərtlərimiz sadəcə bunlardan ibarətdir. Əlavə faiz yox, sənəd problemi yox! Kreditlə mənzil sahibi olmaq üçün tək şəxsiyyət vəsiqəsi kifayətdir”,- şirkətin məlumatında deyilir.

“20 illik kreditlə satışa çıxarılan mənzillərin 1 m² -nin qiyməti 950 manatdır. Bu mənzillər 19, 28 və 29 saylı küçələrdə yerləşir ki, həmin binaların katlavanı qazılıb, artıq bir neçə mərtəbəsi də tikilib.

Mansard tipli mənzillər isə 1 m²-i 850 manatdan təklif olunur. 25 və 17 saylı küçələrdəki bu mənzillər cəmi 6 aydan sonra yaşayış üçün sakinlərə təhvil veriləcək. Bu mənzillər üçün isə ilkin ödəniş 20 %-dir”.