Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

 

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ötən yeddi ayda ümumi sahəsi 4 milyon 531 min 2 kvadratmetr olan 46 min 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib.

 

218-i Bakıda, 8-i Abşeron rayonunda, 1-i Sumqayıtda, 4-ü Gəncədə, 1-i Mingəçevirdə, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilib, onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

 

Xatırladaq ki, bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.

Sənəddə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.