İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Daşınmaz əmlakın alqı-satqısı sahəsində tətbiq olunan yeniliklər” mövzusuna həsr edilən təqdimat keçirilib.

Tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupu tərəfindən təşkil edilib. Daşınmaz əmlakın alqı-satqısı üzrə aparılan islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırması üçün ictimai birliklər, biznes assosiasiyaları, eyni zamanda hüquq və konsaltinq şirkətləri üçün “Notariat xidmətlərinin avtomatlaşdırılması nəticəsində onlara əlçatanlığın asanlaşdırılması və operativliyin təmin edilməsi”, “Daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində aparılan islahatlar” mövzularında təqdimatlar edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, Prezident İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərmana əsasən vətəndaşlar üçün əmlakın qeydiyyatı üzrə daha operativ və səmərəli imkanlar yaradılıb: “Bu sahədə aparılan islahatların nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən Azərbaycan ən çox islahat aparan 20 ölkənin sırasında yer alır və 4 sahədə sahibkarlar üçün daha əlverişli mühit formalaşdırılıb. Əmlakın qeydiyyatı da həmin sahələrdən biri olaraq qeyd oluna bilər.”

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə və İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağa-Kərim Səmədzadə təqdimat zamanı məlumat veriblər ki, nazirlik tərəfindən idarə olunan 14 informasiya sistemi, bu sistemlərin 20-dən çox dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası xidmətləri, o cümlədən daşınmaz əmlakın alqı-satqısı ilə müqavilə rəsmiləşdirilməsi üzrə, “bir pəncərə” prinsipi əsasında, əmlakın yerləşdiyi yerdən asılı olmayaraq notariusun köməyi ilə həyata keçirilir. Müqavilənin təsdiq edilməsi üçün tələb olunan müxtəlif sənədlər notarius tərəfindən informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə olunur.

Onu da qeyd etmək lazımdır ki, aparılmış islahatlar, o cümlədən informasiya sistemlərinin inteqrasiyası, sənədlərin rəqəmsallaşdırılması, məlumatların elektron bazada toplanılması nəticəsində daşınmaz əmlakın əldə edilməsi prosedurları xeyli asanlaşıb, müddət minimuma endirilib. Əlavə olaraq, mülkiyyət hüququ haqqında sənədi də artıq elektron qaydada əldə etmək mümkündür. Hətta, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mobil telefondan göndərilən mesajla istənilən vaxt və yerdə alına bilər.

Bu sahədə daha bir yenilik bütün informasiya sistemlərinə çıxışı olan səyyar çantaya malik notariusu dəvət etməklə səhhəti, iş şəraiti və ya hər hansı digər səbəbdən notariat ofisinə müraciət etmək imkanı olmayan şəxslər üçün müqavilənin yerində rəsmiləşdirilməsi imkanıdır. Həmin çantada yerləşdirilən avadanlıqlar vaxt məhdudiyyəti olmadan səyyar xidmətlərin göstərilməsinə imkan verir. Bundan başqa sənədin üzərində əks olunan QR-kod vasitəsi sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov isə qeyd edib ki, daşımaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” mövcuddur. Əlavə olaraq, çıxarışlarının verilməsinin 1 iş günü müddətinədək  həyata keçirilməsi ilə əmlakın qeydiyyatı sahəsində sərf edilən müddət də azaldılıb. O bildirib ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. E. Məmmədov əlavə edib ki, Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə qeydiyyat xidmətləri daha operativ qaydada, beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilir. Eyni zamanda qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərə əlçatanlıq daha da artırılıb. Qurumun rəsmi məlumatlarına əsasən Məkanda gün ərzində orta hesabla 1000-dək vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir.

Qeyd edək ki, “Daşınmaz əmlakın alqı-satqısı sahəsində tətbiq olunan yeniliklər” mövzusuna həsr edilən təqdimatda 20-dən artıq qurumun nümayəndələri iştirak edib.

 

@Fins.az