Əgər əmlak bazarı üçün yeni pul mənbələri formalaşmasa, bu, bir müddətdən sonra bazarda növbəti durğunluq dövrünün yaranmasına səbəb olacaq.
Bu barədə iqtisadçı-ekspert, “Value and Sources” konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev bildirib.
Ekspert qeyd edib ki, bəziləri daşınmaz əmlakı şəxsi istifadəsi, bəziləri də ondan gəlir götürmək üçün alır. Ancaq son 1 ildə daşınmaz əmlak bir çox alıcılar üçün riskdən qaçma alətinə çevrilib: “Bu dövrdə mütəmadi olaraq qeyd edirdik ki, bank sektorundakı mövcud vəziyyət əmanətlərdəki pul vəsaitlərinin daşınmaz əmlak bazarına axmasına səbəb olur. Bank sektorundakı böhran dövri olaraq daşınmaz əmlak bazarında aktivliyin yaranmasına səbəb olurdu. Sonuncu bu cür aktivləşmə fevral ayında baş vermişdi. Bu, bazarda aktivliyin yaranmasına səbəb olmuşdumu? Təkcə yanvar ayında Mərkəzi Bankın məlumatına əsasən, əmanətlərin həcmi 9 milyard 473,9 milyon manatdan 8 milyard 643,3 milyon manata enib. Bəs bu qədər vəsait, yəni 830,6 manat hara gedib? Sözsüz ki, onun bir hissəsi – minimum 100 mln manat, maksimum isə həcmin ¼-i qədər, yəni təqribən 200 mln manat daşınmaz əmlak bazarına axıb. Müqayisə üçün deyim ki, 2015-ci ildə İpoteka Fondu 97,2 mln manat kredit verib. Fərqi hiss edirsiniz? Üstəlik, əmanətlər üzrə fevral ayındakı statistikadan (yəni nə qədər azalıb), “yorğan altında olan vəsaitlərin” həcmi barədə məlumatımız yoxdur.
Digər tərəfdən, gözləmə mövqeyində olmuş bəzi alıcılar da yanvar və fevral aylarında bazara daxil olmuşdular. Bütün bu faktlar ona işarə edir ki, fevral ayında bazarda aktivliyin artmasının fundamental əsasları olmasa da, kifayət qədər texniki səbəbləri var. Texniki səbəb isə bazara kifayət qədər kapitalın daxil olması olub”.
İqtisadçı əmlak bazarında qiymət artımının olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Buna müsbət və mənfi cavab verənlər də var. Ancaq bu cavabları ehtiyatla qəbul etmək lazımdır. Nə üçün? Qiymət artımı və ya azalması haqda danışdıqda, ilk növbədə, bunun hansı dövrə nisbətən və hansı valyutada olduğunu müəyyən etmək lazımdır. Üstəlik də, söhbətin təklif qiymətlərindən, yoxsa baş vermiş əməliyyatlar üzrə rəqəmlərdən getdiyi də aydınlaşdırılmalıdır. Təklif qiyməti nə qədər istəsəniz, arta bilər, ancaq bu, heç də qiymət artımı demək deyil. Çünki qiymət artımı baş vermiş sövdələşmələr üzrə də əksini tapmalıdır və əgər əksini tapmırsa, bu təklif qiymətlərinin, sadəcə, “köpük” olmasına işarə edir. Bir də ən əsası – baxır kim bazara hansı prizmadan yanaşır və qiymətləndirməni necə aparır.
Dekabr devalvasiyasından sonra adi məktəbli də bilir ki, dollar qiymətləri əhəmiyyətli dərəcədə azalıb. Əgər biz ancaq fevral ayından danışırıqsa, bu halda qiymətlərin yanvarda necə olduğunu bilmək lazımdır. Bəs yanvarda qiymətlərin hansı səviyyədə olması haqda dürüst məlumat varmı? Yoxdur və ola da bilməz. Çünki yanvarda olan “oturuşmamış” qiymətlərə nisbətən fevral ayı üçün qiymət dəyişikliyinin müəyyən edilməsi qeyri-mümkündür. Əvvəllər də qeyd etmişdik ki, dekabr devalvasiyasından sonra qiymətlər 2-3 aya yeni şəraitə uyğunlaşmalıdır”.
Ancaq R.Əliyev bildirib ki, fevralda bazar üzrə likvidliyin nisbətən artması danılmaz faktdır və bu təbiidir: “Bazara kapital girirsə, aktivlik artırsa, bu, artıq o deməkdir ki, likvidlik də nisbətən artır. Likvidlik artsa da, onun səviyyəsi bazarın pik dövrlərinə nisbətən yenə də xeyli aşağı olub. Bazardakı qiymətlərə ancaq likvidliyin artması təsir edə bilərdi. Likvidliyin artımını necə qiymətləndirmək olar? Sözsüz ki, likvidliyin səviyyəsi də müxtəlif olur. Onun müxtəlif səviyyələrinə dair adi bir misal çəkək. Məsələn, 100 min manata təklif qiyməti olan mənzil əvvəl 90 minə satılmırdısa, indi onu 90 minə satmaq olur. Və yaxud likvidlik daha çox artırsa, mənzili artıq 95 minə də sata bilirik. Ancaq onun təklif qiyməti yenə də elə 100 min manatdır. Buna görə də əgər biz təklif qiymətini nəzərdən keçiririksə, deməli, qiymət artmayıb. Əgər sövdələşmə qiymətini nəzərdən keçiririksə, deməli, qiymət artıb. Bu, misal yəqin fevral ayında bazarda baş verən dəyişiklikləri nisbətən anlamağa kömək edəcək.
Ancaq fevral ayında bazarda nə baş verməsindən asılı olmayaraq, onu ciddi qəbul etməyə dəyməz. Hazırda ən əsas məsələ odur ki, əhali gələcək aylarda yenə də əllərində olan sərbəst kapitalı bazara yönəldəcəkmi? Əhalidəki sərbəst kapitalın həcminin getdikcə azalması və bank sektorundakı vəziyyətin sabitləşməsi əmlak bazarını pulla qidalandıran “pul kranı”nda axının kəsilməsinə səbəb ola bilər. Əgər bazar üçün yeni pul mənbələri formalaşmasa, bu, müəyyən dövrdən sonra bazarda yeni durğunluq dövrünün yaranmasına səbəb olacaq…”
Mənbə:Milli.Az