Xəbər verdiyimiz kimi, Şəki sakini Elnur Məmmədovla “Aypara Lizinq” şirkəti arasında məhkəmə mübahisəsi yaranıb. Sığortalının nümayəndəsi M.Məmmədovun bildirdiyininə görə, E.Məmmədov lizinqlə avtomobil alan zaman sığorta haqqını ödəsə də, “Aypara Lizinq” şirkəti sığorta haqqını “Rəvan Sığorta”ya ödəməyib. Qəza baş verən zaman isə sığorta şirkəti buna görə ödənişdən imtina edib. “Aypara Lizinq” sığorta haqqını ödəməməklə bərabər hətta lizinqlə alınan avtomobilə dəyən ziyanın ödənilməsini də E.Məmmədovdan tələb edib və onu məhkəməyə verib.

Məsələ ilə bağlı, Fins.az qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. “Rəvan Sığorta” şirkətdən bildirilib ki, qeyd olunan məsələlər tam yanlışdır və həqiqəti əks etdirmir. Belə ki, “Aypara Lizinq” MMC ilə lizinq alan Məmmədov Elnur Azər oğlu arasında bağlanmış 17.12.2014-cü il tarixli 02/0253/LİZ saylı Maliyyə Lizinqi Müqaviləsinə əsasən lizinq verən öz mülkiyyətində olan 2014-cü il buraxılışlı, 99-AJ-205 dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobili lizinq alanın müvəqqəti istifadəsinə verib. Həmin avtomobilin kasko sığortası üzrə hesablanmış 887.40 manat sığorta haqqı “Aypara Lizinq” MMC tərəfindən 19.12.2014-cü il tarixdə “Rəvan Sığorta” ASC-nin “NBC Bank” ASC-də olan hesabına köçürülüb.

Həmin avtomobil 19.12.2014-cü il tarixdə Mİ-007833 saylı sığorta müqaviləsinə üzrə 3 il müddətində sığortalanmış və həmin sığorta şəhadətnaməsinə əsasən “Aypara Lizinq” MMC fayda əldə edən şəxs qismində tanınıb.

31.07.2015-ci il tarixdə Əzizov Elçin Yusif oğlunun idarə etdiyi 99-AJ-205 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Şəki şəhərində avtomobil qəzası baş verib. Bu barədə həm Rəvan Sığorta ASC-yə, həm də DYP-yə məlumat verilib. Prosedur üzrə sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlib, hadisəni qeydiyyata alıb və müvafiq araşdırma başlanılıb. Avtomobilə dəymiş zərərin həcmini qiymətləndirmək məqsədi ilə Əzizov Elçin Yusif oğluna avtomobili təmir müəssisəsinə aparması haqqında bir neçə dəfə şifahi məlumat verilib. Hətta 17.09.2015-ci il tarixdə Əzizov Elçin Yusif oğluna sığorta şirkəti tərəfindən rəsmi şəkildə dəvət məktubu göndərilib. Bir müddət sonra Əzizov Elçin Yusif oğlu telefonla əlaqə saxlayaraq avtomobili özünün təmir etdirdiyini və sığorta ödənişi almaqdan imtina etdiyini bildirib. Sığorta ödənişindən imtina etməsini rəsmiləşdirmək üçün Əzizov Elçin yenidən şirkətə dəvət olunub, lakin yenə də gəlməkdən və ərizə yazmaqdan imtina edib.

Bütün bunlar haqqında isə “Aypara Lizinq” MMC-yə də rəsmi məlumat verilib. Bütün bunlarla bərabər müştəri qərəzli mövqe nümayiş etdirərək, həm “Rəvan Sığorta” ASC-nin,həm də “Aypara Lizinq” MMC-nin işgüzar nüfuzuna xələl gətirir.

Rəvan Sığorta”dan o da bildirilib ki, adı çəkilən şəxslərin məlumatı obyektiv və düzgün qeyd etmədikləri təqdirdə məhkəməyə müraciət ediləcək.