2023-cü ilin yanvar-avqust ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 15,06 milyon manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,4% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 11,07 milyon manat olub. 2022-ci ilin yanvar-avqust aylarında “Xalq Sığorta” 26,14 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların kəskin azalması fonunda “Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə cəmi 1,6% və ya 266 min manat azalaraq 16,66 milyon manat təşkil edib. 2022-ci ilin ilk səkkiz ayında bu rəqəm 16,92 milyon manata bərabər olmuşdu.

Ümumilikdə, sığorta şirkətinin ödənişləri yığımlarını 1,6 milyon manata yaxın üstələyib. Bu isə onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 64,8 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 110,6 manat təşkil edib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.