Türkiyə yeni sığorta sisteminə qədəm qoyur. Bu münasibətlə Ankarada “Türkiyə sığorta”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni sığorta sistemi barədə müfəssəl danışıb. Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə yeni sığorta sisteminə keçidin səbəb və məqsədlərindən söhbət açıb. Dövlət başçısı diqqətə çatdırıb ki, son 100 ildə dünyada baş verən ən ağır sağlamlıq böhranlarından olan koronavirus (COVID-19) pandemiyası bütün ölkələrə böyük problemlər yaradıb. Türkiyə bu böhrana qarşı sistemli tədbirlərlə mübarizə aparıb.

Prezident qeyd edib ki, zaman-zaman Türkiyəni özündən asılı salmağa çalışan qüvvələr ölkənin iqtisadi inkişafına imkan verməyiblər. Son illər həyata keçirilən tədbirlər nəticəsində Türkiyənin iqtisadi inkişafında dinamizm qorunur. Artıq iqtisadi risklər arxada qalıb. Təqdimatı keçirilən “Türkiyə sığorta” bu tədbirlər sırasında mühüm əhəmiyyətə malikdir.