Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Standard Insurance” ASC-yə nizamnamə kapitalını artırmaq üçün verdiyi möhlət başa çatıb.
Şirkətdən “Report”a verilən məlumata görə, hələ ki, kapital artımı ilə bağlı addım atılmayıb.
Bununla belə, “Standard Insurance” bazarı tərk etmək niyyətində deyil.
“Möhlət başa çatsa da, hazırda şirkətin səhmdarı ilə Palata arasında kapital artımı ilə bağlı danışıqlar davam etdirilir. “Standard Insurance”in nizamnamə kapitalı azı 5 mln. manat artırılacaq”, – deyə şirkətdən bildirilib.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% “AB Standard” QSC-yə məxsusdur.
“Standard Insurance” 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu il, mayın 30-da jurnalistlərə verdiyi açıqlamada şirkətin kapital çatışmazlığı problemini həll etməyəcəyi təqdirdə onun lisenziyasının ləğv olunacağını istisna etməyib.