2017-ci ilin yanvar ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 59 087 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən  verilən xəbərə görə, 2017-ci ilin yanvar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,6 mln. manatdan çox olub. 2016-cı ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,8% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilib.

 Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi  tarixədək sığorta təminatına daxildirlər.
APA