“Başak İnam Sığorta” sığorta yığımlarını dayandırıb. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, fevral ayından etibarən sığorta haqlarının toplanması dayandırılıb. Bununla belə, sığorta şirkəti müştərilər qarşısında öhdəlikləri yerinə yetirir. Yəni, baş verən sığorta hadisələri üzrə ödənişlər həyata keçirilir. Şirkət 2019-cu ilin sonuna qədər qüvvədə olan müqavilələr üzrə öhdəlikləri yerinə yetirməkdə davam edəcək.
Qeyd edək ki, “Başak İnam Sığorta”nın lisenziyasının ləğv edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib. Palata isə hələlik şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyib.

Xatırladaq ki, aprel ayının 4-də “Başak İnam Sığorta” səhmdarlarının növbədənkənar ümumi yığıncağında şirkətin bazarı tərk etməsi ilə bağlı qərarın icrasının müvəqqəti təxirə salınması ilə bağlı razılığa gəlindiyi bildirilmişdi. “Başak İnam Sığorta”nın digər sığorta şirkətlərindən biri ilə ya birləşməsi, ya da ən pis halda satılacağı müəyyənləşdirilmişdi.