Fəaliyyətini dayandıran “Azərqarant Sığorta” şirkəti 2 bankdakı vəsaitlərini geri ala bilmir. Bunu Fins.az-a açıqlamasında ləğv edilən şirkətin idarə heyətinin sədri Rəşad Məmmədov deyib. Onun sözlərinə görə, “Azərqarant Sığorta”nın öhdəlikləri ilə bağlı məsələ artıq yekunlaşıb və bütün portfeli “Günay Sığorta”ya ötürülüb. Bununla belə bəzi məsələlər hələlik yekunlaşmayıb. “Azərqarant Sığorta”nın hazırda lisenziyası ləğv edilən “Atrabank”da 2 milyon manat, “Royal Bank”da isə 30 min manatdan artıq vəsaiti qalıb. O bildirib ki, bağlanan bankların öhdəliklərini ADİF yerinə yetirir. ADİF isə əvvəlcə bankların fiziki şəxslər qarşısında öhdəliklərini təmin edir, daha sonra isə hüquqi şəxslər qarşısında öhdəliklərə başlanılacaq. Ona görə də, “Azərqarant Sığorta”ya aid vəsaitlərin geri qaytarılıb-qaytarılmayacağı və yaxud hansı məbləğdə qaytarılacağı hələ də sual atındadır.

Qeyd edək ki, sığorta şirkətinin kapitalını saxladığı banklardan biri də “Atrabank” olub. Bankın bağlanması ilə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi “Azərqarant Sığorta”nın da fəaliyyətini dayandırmasına səbəb oldu.

Xatırladaq ki, şirkətin səhmləri 100% Direktorlar Şurasının sədr Oqtay Əliyevə məxsusdur.