Azərbaycanda fəaliyyət göstərən sığorta agentlərini mənfi xəbərlər gözləyir. FED.az MALİYYƏ xəbər verir ki, 2019-cu ildən etibarən onların sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.

Bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliyə əsasən, bəzi kateqoriyadan olan ödəyicilər, o cümlədən lisenziyalaşdırılan sahədə fəaliyyət göstərənlər  sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Sığorta agentliyi də lisenziyalaşdırılan fəaliyyət olduğuna görə, onların da sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyəti mümkün olmayacaq. Yəni onlar gəlir vergisi ödəyiciləri kimi fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, sadələşdirilmiş vergi ödəyiciləri dövriyyənin 2%-4% -i (müvafiq olaraq regionlarda və Bakıda) qədər vergi ödəyirdilər. Gələn ildən isə sadələşdirilmiş verginin dərəcəsinin bir qədər də endirilərək bütün ölkə üzrə 2% olması gözlənilir.

Gəlir vergisi isə 20%-lə hesablanacaq. Gələn il üçün vergi dəyişikliklərində digər sahələrdə də gəlir vergisinin tətbiqi təklif olunur. Amma hələlik təkliflərin hansı sahələrə aid olması və onların qəbul edilib edilməyəcəyi məlum deyil.