Dünən Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində (TM) yanğın hadisəsi baş verib.

Bu yanğın hadisəsi malların icbari sığorta məsələsini yenidən gündəmə gətirdi. Yanğın baş verən iri ticarət obyektləri icbari sığortaya cəlb edilə bilərmi? Bununla bağlı hər hansı bir təkliflər edilirmi?

 

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov Modern.az-a öz fikirləri ilə bölüşüb.

“Son dövrlər ölkədə iri  ticarət obyektlərində yanğın hadisələri daha çox baş verir. Çox təssüf ki, bu cür ticarət obyektləri inşa edilən zaman təhlükəsizlik standartlarına demək olar ki, əməl edilmir. Məhz təhlükəsizlik standartları gözlənilmədiyindən də yanğın halları baş verir. Digər problem isə ondan ibarətdir ki, belə ticarət obyektlərində yanğın baş verən zaman,yanğın qısa zaman kəsiyində ətrafa yayılır. Daha çox sahibkara ziyan dəyir. Ötən il də ticarət mərkəzlərinin birində yanğın baş verən zaman biz təklif etdik ki, belə ticarət obyektlərində təhlükəsizlik standartları müəyyənləşdirilsin. Xüsusilə, həmin ticarət sahibkarlarına təhlükəsizlik standartlarının tətbiqinə nəzarət həyata keçirilsin. Düşünürəm ki, həmin ticarət obyektlərində satışla məşğul olan kiçik sahibkarların öz satdıqları məhsullarını  icbari sığorta etdirmələrinə daha çox ehtiyac var. Yanğın hadisələri göstərir ki, yanğın baş verən zaman sahibkara müəyyən miqdarda ziyan dəyir, ancaq sahibkarlar vaxtında öz məhsullarını sığortalamadıqları üçün, nəticədə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmir ”.

 

Vüqar Bayramov yanğın hadisələri baş verən zaman sığorta məsələsi daha çox  gündəmə gəldiyini bildirib:

“Biz artıq iki ildir ki, mətbuatda belə obyeklərdə fəaliyyət göstərən sahibkarlara öz məhsullarının sığortalanmasının icbari hala gətirilməsi ilə bağlı təkliflərlə çıxış edirik. Yanğın baş verən zaman icbari  sığorta məsələsi yenidən gündəmə gəlir. Lakin iki gün sonra yenidən unudulur. Təssüf ki,əksəriyyət sahibkarlar tərəfindən öz məhsullarını sığortalanmasını həyata keçirmir. Təklif edirəm ki, iri ticarət obyektlərində çalışan sahibkarlar öz məhsullarını icbari sığorta elətdirsinlər. İcbari şəkildə bu sığortalanma həyata keçirilsin ki,yanğın baş verən zaman, sahibkarlara dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilsin ”.

 

Sığorta eksperti İlkin İbrahimov isə hesab edir ki, yanğın baş verən zaman sığorta şirkətləri bu məslədən boyun qaçırırlar.

“Ümumiyyətlə, ölkədə böyük ticarət mərkəzlərində hər hansı bir yanğın hadisəsi baş verəndə sığorta məsələsi ilə bağlı böyük problemlər yaranır. Ötən ildən bəri xeyli iri ticarət obyektləri var ki,orda yanğınlar baş verir. Bu zaman sığorta şirkətləri  (daşınmaz əmlakın sığortası nəzərdə tutulur) məhsulları sığorta etməkdən çəkinirlər. Fövqəladə Hallar Nazirliyi hər il iri ticarət obyektlərində yoxlamalar həyata keçirir. Əgər burda hansısa əmlak sığortalanmırsa, 200 manat məbləğində cərimə tətbiq edilir. Görünür ki, bu məsələdə nəinki sığorta şirkətləri, heç vətəndaşların özləri də maraqlı deyil. Eurohome-da yanğın baş verən zaman bu məsələ yenidən gündəmə gəldi. Hətta bəzi sahibkarlar qətiyyətlə bildirdilər ki,biz əmlakımızı sığortalatmaq istəyirik.Ancaq bəzi sığorta şirkətləri bundan imtina etdi ”.

 

“Biz təklif etdik ki, bu məsələ mətbuatda işıqlandırılsın, bir çox media qurumları həmin əraziyə gedib, sahibkarların sözünü dinləsin. Nəticədə bir çox mətbuat orqanları ərazidə oldular, təssüf ki, bir nəfər də olsa vətəndaş gəlib demədi ki, bizim sığorta şirkəti ilə problemimiz var. Bu da onu göstərdi ki, heç sahibkar da öz məhsullarını sığortalamaqda maraqlı deyil. Sığorta şirkətləri də ancaq riski qiymətləndirilər. Görürlər ki,bu cür böyük ticarət mərkəzlərində hər hansı bir hadisə baş verən zaman çox böyük ziyanlar olur. Ona görə də sığorta etməkdən imtina edirlər. Bir məqamı da qeyd edim ki, daşınmaz əmlakla bağlı sığorta məcburidir. Ancaq daşınar əmlakla bağlı sığorta məcburi deyil. Çünki burda sahibkarların  bəyan etmədiyi müəyyən sənədlər var.

Məsələn gömrük bəyənnaməsi olmalıdır ki,neçə minlik mal gömrükdən keçib,satışa hazırdır. Bax bu kimi məslələrdə problemlər yaranır. Nə qədər ki,bu problemlər aradan qaldırılmayıb,istəır sahibkarlar,istərsə də sığorta şirkətləri belə məslələrdə geri çəkiləcək. Ona görə də burada sığortanın sığortalanmasından söhbət gedə bilməz”-deyə İlkin İbrahimov qeyd edib.