Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri əməkdaşlıq etdiyi agentlərinə müxtəlif faiz dərəcəsi üzrə komissiyalar təklif edirlər. Bazarın əksər oyunçuları qanunvericiliyin tələbinə uyğun halda, bəziləri  isə bu tələbə məhəl qoymaraq agentlərə həddindən artıq yüksək komissiya təklif edirlər.

FED.az Təhlil Qrupunun apardığı araşdırmaya görə, qanunvericiliyə (İcbari Sığortalar Haqqında qanunun 12-ci maddəsinin 12.4-cü bəndi: Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər) əsasən sığorta vasitəçilərinə verilən komissiya haqqı sığorta haqqı məbləğinin 15%-ni keçməməlidir. Lakin yüksək rəqabət nəticəsində bəzi şirkətlər nəinki 15%, hətta 30-35%-dək endirim təklif edirlər. Məqsəd guya müştəri cəlb etməklə yanaşı həm də, daha yaxsı sığorta agentlərini iri komissiyalarla şirnikləndirmək və əməkdaşlığa cəlb etməkdir. Əslində qanunvericiliyin tələbini pozan bu kimi şirkətlər bazarın inkişafına ciddi şəkildə mane olmaqla normal fəaliyyət göstərən sığorta şirkətlərinin də fəaliyyətinə mənfi təsir göstərcək. Yaxın vaxtlarda olmasa da nə vaxtsa bazar bu problem ucbatından “sarsıla” bilər.

Bu kimi hallar bazarın inkişafını ləngidir
Digər bir tərəfdən bu kimi hallar sığorta bazarının inkişafına deyil, əslində dempinqə səbəb olur. Sığortaçılar özlərinə ciddi risklər yaradır, şirkətlərin qeyri-sağlam və  kəskin zərərli portfeli yaranır. Bir sözlə bu hal bazarın inkişafını ləngitməkdən başqa bir işə yaramır.

Bazardakı bu vəziyyətə tanınmış sığorta eksperti İlkin İbrahimov da münasibət bildirib.
Onun sözlərinə görə, könüllü sığortadan fərqli icbari növ bütün sığorta məhsullarında sığorta haqları qanunvericilklə tənzimlənir. Qiymət vahid tarif qaydası üzrə müəyyən edilir. İcbari avtosığorta üzrə sığorta haqları da belə qəbildəndir. Yəni 2011-ci ildən müəyyən edilmiş sığorta haqları standart olaraq tətbiq edilir. Xüsusi istisna hal isə burada bonus malus sisteminin tətbiqi prosesidir. Yəni yaxşı sürücülərə xüsusi endirimlərin müəyyən hədd dairəsində tətbiq edilməsidir. Hər sığorta hadisəsinə ilə görə 5% həddində motivasiyanın nəzərdə tutulması yəni sığorta haqqının daha az ödənməsi. İcbari sığortanın 8 ildir sığorta haqqının prinsipial olaraq dəyişməməsi ölkədə sığorta riskinin az olması ilə deyil, dövlətin sosial dövlət anlayışından çıxış edərək bu növ sığortanın hamıya əlçatanlığını təmin etməkdən ibarət olmuşdur. Yəni ötən illərdə avtomobil ehtiyat hissələrinin qiymətinin qalxması, əlavə olaraq sığorta ödənişlərində sığorta şirkətlərinin qiymət kəsməsini dövləti təmsilən MBNPalatası bəzi məqamlarda görməməzlikdən gəlməsi, sığorta şirkətlərinin də dövlət tərəfindən qorunması mənasına gələ bilərik.

Yüksək komissiya təklif edən şirkətlər ödəniş etməməklə pulu necə qaytarırlar?

Espert hesab edir ki, sığorta şirkətləri belə hallardan sui istifadə edərək vətəndaşa qanunsuz imtina verir, məhkəmələrdə onu illərlə get-gələ salır və s. Sığorta ödənişlərində əl-qolu açılan sığorta şirkətləri sığorta yığımlarında da sui istifadə etməyə başlayır.
Bəzən 30-35% endirimlər təklif edən sığorta agentlərinə rast gəlinir. Avtomatik olaraq belə bir sual yaranır. Qanunla sığorta agenti 15-20% komissiya almaq hüququna malik olursa bəs 30-35% haradan alınır? Belə hal o zaman yaranır ki, sığortadan ona verilən bütün məbləği müştəriyə güzəşt edir. Təcrübə onu göstərir ki, belə məhsul təqdim edən sığorta şirkəti müştəriyə ödənilən 30-35% komissiyanı sonradan sığorta hadisəsi zamanı qəzalı maşını bokslarda (sexlərdə) təmir etməklə puluna qənaət edir və ya həmin təmir məntəqəsi ilə danışaraq müəyyən faizi geri almaqla bunu kompensasiya edir.

Bu hallara qarşı nəzarət mexanizmini necə gücləndirmək olar?
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötən il bu kimi hallara qarşı müxtəlif vaxtlarda müvafiq reydlər keçirildi. Bunu həqiqətən də təqdirə layiq hal kimi qiymətləndirmək olardı. Reydlər nəticəsində bir neçə sığorta agentinin işinə xitam verildi və sonradan bu reydlər dayandırıldı.
Bu kimi hallarla qarşı mübarizə üsullarından biri çoxsaylı şikayətlərlə bağlı ödənişlərin keyfiyyətinə nəzarət mexanizmidir. Yəni Palatanın saytında müstəqil ekspertlər qrupu mövcuddur. Həmin ekspertlərin işinə nəzarəti birbaşa bazara nəzarətedici qurum tərəfindən aparıla bilər. Nəticədə çoxsaylı şikayətlərlə bağlı ödənişlərin keyfiyyətinə nəzarət mexanizmi güclənərək düzgün qiymətləndirmənin çıxarılmasına nail oluna bilər.