Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” 20 mart – Novruz Bayramı günündə “KASKO FUTBOL ÇEMPİONATI” adlı maraqlı aksiyaya start verəcək.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin mart ayının 20-dən aprel ayının 20-dək davam edəcək “KASKO FUTBOL ÇEMPİONATI” Gənclik Mall Ticarət Mərkəzində keçiriləcək. Bir ay davam edəcək aksiyada qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.
Şərtlərə görə, oyunda sürücülük vəsiqəsi və avtomobili olan bütün şəxslər iştirak edə bilər. İki iştirakçıdan  ibarət olacaq  futbol oyunu 2 dəqiqə davam edəcək. Futbol meydançasında “futbolçuları” xüsusi olaraq hazırlanmış uzaqdan idarə edilən oyuncaq avtomobillər əvəz edəcək.
Oyunda iştirak etmək istəyən şəxslər “Gənclik Mall”da (birinci mərtəbə) “Qala Sığorta”nın promo-stendinə yaxılaşaraq əvvəlcədən müvafiq sorğudan keçməklə qeydiyyata alınacaq və daha sonra oyunun iştirakçısı olacaqlar.

Oyunun qalibinə “Qala Sığorta” şirkəti tərəfindən “avtomobillərin kasko sığortası” məhsulu üzrə 20%-lik endirim ediləcək. Oyun bərabər xallarla bitdikdə isə hər iki şəxsə kasko sığortası məhsulu 10% endirimlə təqdim olunacaq.
Bununla yanaşı, aksiya çərçivəsində “Qala Həyat” sığorta şirkəti tərəfindən güzəştli şərtlərlə hazırlanmış xüsusi həyat sığortası məhsulu da təklif olunacaq. Müştərilər promo-stendə yaxınlaşmaqla həyat sığortası məhsulu haqqında geniş məlumat əldə edə bilərlər. Aksiya zamanı yeni hazırlanmış həyat sığortası üzrə paket məhsulu ilə bağlı məlumatlandırıcı bukletlər də paylanılacaq.

Qeyd edək ki, bu aksiyanın keçirilməsində əsas məqsəd ticarət mərkəzinə gəlmiş insanların bayram əhval ruhiyyəsinə müsbət emosiyalar qatmaqla yanaşı kasko və həyat sığortası haqqında maariflənmə işi apararaq cəmiyyətin sığorta sahəsində bilik və savadlılığını daha da artırmaqdır.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.