“PAŞA Həyat” şirkətinin dəstəyi ilə “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitablarının təqdimat mərasimi keçirilib.
Şirvanşahların hakimiyyət tarixini əhatə edən “Şirvanşahların minilliyi” , digəri isə Təbriz miniatür məktəbinin öz qiymətli və zəngin nümunələrini bizə təqdim edən “Kəlam və fırça”dır. Kitablar Azərbaycan ilə yanaşı beynəlxalq səviyyədə Azərbaycan, rus və ingilis dillərində yayımlanmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bu günədək “İRS” seriyasından olan bütün kitabların oxucular tərəfindən çox maraqla qarşılandığını bildirib.
“Minillik tarixi olan Şirvanşahlar dövlətinin Azərbaycan tarixində mühüm yeri var. Çünki min il ərzində o dövlətdə elə proseslər baş verib ki, sözün həqiqi mənasında bütün dünya xalqları üçün bir örnəkdir”, – deyə baş redaktor diqqətə çatdırıb.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov bu kitabların ölkə tarixinin, mədəniyyətinin nümayiş etdirilməsində əhəmiyyətli olduğunu qeyd edib, tariximizin hər kəs tərəfindən dərindən araşdırılmasının vacibliyini, “PAŞA Həyat” şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətində bu vacib istiqamətin mühüm önəm kəsb etdiyini vurğulayıb. O, indiyədək 20-dən çox kitabın buraxıldığını və bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirdə digər çıxış edənlər – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Azərbaycan tarixinin gələcək nəsillərə ötürülməsində kitabların əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “İRS” seriyasından olan “Şirvanşahların minilliyi” kitabında Şirvanşahlar dövlətinin iqtisadi, beynəlxalq və digər əlaqələrinə aid yeni yanaşmalar, faktlar qeyd edilib. Kitabın Azərbaycançılıq ideyalarını izləyən qiymətli bir kitab olduğu diqqətə çatdırılıb.
Təqdimat mərasimində rəsmi qonaqlar, dövlət və ictimaiyyət nümayəndələri, media mənsubları iştirak ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, “İRS” silsiləsi çərçivəsində ərsəyə gələn kitablar cəmiyyətimizin və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksəkkeyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunur.
“PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək çox sayda kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Zəfər Salnaməsi”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə – Nizami yurdu”, “Şəki – Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə”, “Şuşa. Zirvədən uca”, “Şuşa. Qarabağın ulduzu”, “Gizli ölüm toxumları” və “Dirçəliş. Başlağıc” kitablarıdır.