Sığorta bazarında köklü dəyişikliklər, o cümlədən daşınmaz əmlakın icbari sığortası üçün çıxarışların elektronlaşması həyata keçirilsə, hələ cari ildə 5-10 faizlik artım əldə edilə bilər.

Bu barədə “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev bildirib.

“İcbari sığorta növlərinə dair yeniliklər olmasa, hətta ötən ilki səviyyəyə nisbətən 10-15 faizlik azalma gözləyirəm”, – deyən ekspertin fikrincə, ilin birinci rübündəki artım koronavirus pandemiyasının başladığı dövrlə üst-üstə gəldiyi üçün əldə edilmişdi: “İcbari sığortada böyük artım vardı, amma ikinci və üçüncü rüblərə dair nikbin deyiləm, çünki korporativ seqment endirimlər istəyərək müəyyən sığorta növlərindən imtina edəcək”.

Assosiasiya sədrinin fikrincə, ölkə sığorta bazarında çox mühüm yeri olan korporativ seqment özəl sektorun əksər hissələri kim çətin vaxtlar keçirir: “Bir çox sahibkarlar sığortanın müəyyən növlərinə dair böyük endirimlər istəyir, yaxud da debitor borcların həcmi artır, çünki sığorta mükafatlarını vaxtında ödəmək mümkün olmur. Bütün bunlar sığorta bazarına mənfi təsir etsə də, biz vəziyyəti başa düşürük. Həm də bu epidemiyadan daha da çox ziyan çəkən sahələr var. Pərakəndə bazara gəlincə, oraya əhali tərəfindən elə bir maraq olmayıb da, yalnız Nəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (NVSMMİS) və yanvar – fevral aylarında böyük maraq cəlb edən daşınmaz əmlak sığortası istisna olub. Lakin pandemiya dövründə təbliğat zəiflədi, sığortalanmağa maraq öldü”.

Təşkilat rəhbərinin fikrincə, sığorta bazarındakı islahatlar da məhz nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsindən başlanılmalıdır: “Bunun nə zaman başlayacağı Mərkəzi Bankdan asılıdır. NVSMMİS əhalinin meyl etdiyi başlıca sığorta məhsuludur, həm də sosial əhəmiyyəti yüksək olduğu üçün narazılığın da böyük payı onun üstünə düşür. Bu sığorta növü ilə məşğul olan şirkətlərın zərər çəkməsi onun iqtisadi cəhətdən sərfəli olmamasına dəlalətdir. Odur ki, islahatlar məhz bu sahədən başlanmalıdır”.

Assosiasiya sədri İcbari Sığorta Bürosu nəzdində yaradılan işçi qrup tərəfindən həm də xarici ölkələrin təcrübəsini nəzərə almaqla bir sıra təkliflər hazırlandığını qeyd edib. Belə ki, qiymətlərə dair müəyyən hədlər, bonus malus sisteminə müəyyən əmsallar daxil etmək, əmsalları hesablamaq üçün yeni üsullar və s. təklif edilir. Bununla yanaşı, AMB tərəfindən sığorta şirkətlərinin maliyyə vəziyyətinə dair həyata keçirilən monitorinqin əhəmiyyəti də vurğulandı.

Qeyd edək ki, uzun illər ərzində sığorta məhsullarının, xüsusilə icbari sığorta sahəsindəkilərinin satışı zamanı məcburən qanuni həddən daha yüksək komissiya haqqı verilməsi təcrübəsi yaranıb. İnzibatı və işgüzar məsrəflərə 15+5 faiz səviyyəsində vəsait ayrılır.

“Əsasən maliyyə vəziyyəti dayanıqsız olan bir çox şirkətlər nağd mədaxil təmin etmək üçün hətta 30-35 faiz səviyyəsində komissiya haqqı verməyə razılaşırdı. Mərkəzi Bank belə hallara qarşı çox sərt cəzalara əl atacağını bildirdi. Bu da müsbət haldır”, – A.Əliyev qeyd edib.

Həmçinin sədr AMB-nin daşınmaz əmlakın icbari sığortasına dair çıxarışların elektronlaşması məsələsinə diqqət yetirməyə başladığı bildirib: “Hazırda bu cür çıxarışlar kağız üzərində yazılır ki, bu da həmin sığorta növünə dair inzibati işləri bir qədər çətinləşdirir. NVSMMİS-dəki kimi çıxarışlar onlayn şəklində tərtib olunsa, sözügedən sığorta növünün coğrafi əhatəsi də genişlənər, yəni daşınmaz əmlakın sığortasına müsbət dəyişiklik gələr”.

A.Əliyev qeyd edib ki, bütövlükdə hələlik sığorta sektorunun ölkə iqtisadiyyatındakı payı kiçik olduğuna görə hər hansı böhran vəziyyəti olanda tənzimləyici qurumlar daha mühüm hesab edilən sahələrə daha çox ehtiyatlar yönəltməyə başlayır: “Tənzimləyici qurum bir tərəfdən bazarda nizamsızlığa, dərəbəyliyə yol verməməyə çalışır, amma qadağalar çox olanda inkişaf üçün imkanlar da daralır. Lakin hazırkı vəziyyətdə sığorta bazarı bu il, heç olmasa, ötən il səviyyəsində qalsa, bunu nailiyyət olaraq qiymətləndirə bilərik”.

Xatırladaq ki, bazarda fəaliyyət göstərən 22 sığorta şirkəti tərəfindən 2019-cu ildə 681,18 milyon manat, yəni əvvəlki ilə nisbətən 6,4 faiz az həcmdə sığorta mükafatı ödənilib, sığorta ödənişlərinin isə məbləği 25,5 faiz artaraq 301,54 milyon manata çatıb. Beləliklə, sığorta mükafatlarının hər 100 manatına 2018-ci ildəki 33 manata qarşı ötən il 44,3 manat sığorta ödənişi düşüb.

“Standard İnsurance” şirkətinin lisenziyası ləğv edildikdən sonra hazırda bazarda 21 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.