Hazırda Azərbaycan sığorta bazarında mövcud problemlərdən biri də müəyyən şəxslərin sığorta agenti lisenziyası almadan sığorta satışı ilə məşğul olmasıdır. Söhbət sığorta agentlərinin şəbəkəsi kimi fəaliyyət göstərən ayrı-ayrı şəxslərdən, yəni subagentlərdən gedir. Subagentlər qanunla məsuliyyət daşımadıqları üçün bəzi hallarda daha çox endirimetmə və ya müştərilərin aldadılması kimi saxtakarlıqlara yol verirdilər. Amma artıq bu prosesə son qoyulacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarına nəzarət departamentinin direktoru Fuad Sadıqov   müsahibəsində bununla bağlı işlərə başlanıldığını bildirib. Onun sözlərinə görə, sığorta qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Müvafiq lisenziya almadan qeyri-qanuni fəaliyyətlə məşğul olanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidirlər.

Subagentlərin fəaliyyəti üçün tənzimlənmə çərçivəsi hazırlanır

Lakin Palata qeyd edilən məsələnin müsbət həlli istiqamətində lisenziyasız sığorta fəaliyyəti göstərən şəxslər üzrə tənzimlənmə çərçivəsi hazırlayır: “Biz əminik ki, bu dəyişikliklər ümumi sığorta sektorunun inkişafına və mənfi  halların aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Tənzimləmə çərçivəsi əsasən qabaqcıl beynəlxalq təcrübə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə əsaslanır”.

Subagenlər attestasiyadan keçəcək

F.Sadiqov bildirib ki, beynəlxalq təcrübəyə əsasən sadə sığorta məhsullarının, o cümlədən icbari sığorta müqavilələrinin bağlanılmasını satışını həyata keçirmək üçün şəxslərin subagent statusu qazanması kifayət edir. Məsələn, Beynəlxalq parktikada sığorta sahəsində müəyyən biliklərə malik olan şəxslər müvafiq sığorta vasitəçiləri üzrə assosiasiyada attestasiyadan keçir. Attestasiyadan müvəffəqiyyətlə keçən və eyni zamanda vətəndəş qüsursuzluğuna malik olan şəxslər reyestrə daxil edilərək subagent fəaliyyəti ilə məşğul ola bilirlər.

Qeyd edək ki, təcrübədə subagentlər lisenziyalı sığorta agentlərinin nəzarəti altında fəaliyyət göstərirlər.

Subagentlər agentlərinə icazə verilən məhsulları sata biləcəklər

Subagentlər yalnız sığorta agentlərinə məşğul olmağa icazə verilmiş sığorta məhsullarının satışını həyata keçirə bilərlər:” Nəticə etibarı ilə biz sığorta vasitəçilərinin sağlam və dayanıqlı fəaliyyət göstərmələri üçün şərait yaradacayıq”.

Sığorta şirkətlərin satış işçilərinə  vasitəçi statusu veriləcək

F.Sadiqov əlavə edib ki, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (İAİS) tövsiyələrində sığorta şirkətlərinin sığorta məhsullarının satışını həyata keçirən əməkdaşlarına da sığorta vasitəçisi statusunun verilməsi tövsiyyə edilir. Planlaşdırılan dəyişikliklərdə bununda nəzərə alınması gözlənilir.

Fins.az