“Azərsığorta” nöqsanlar aradan qaldırılanadək icbari avtomobil sığortası sata bilməyəcək.

 


Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” (“Azərsığorta”) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə (“Azərsığorta”) sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

 

Bu barədə “Marja” ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

İdarə Heyətinin eyni tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Banluyev Ramid Xalıq oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.