2017-ci ilin I rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 mln. 681 min manat, ödənişlər isə 60 mln. 292 min manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) “APA-Economics”ə verilən məlumata görə, cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 mln. 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 mln. 344 min manata yüksəlib.

İcbari sığorta növləri üzrə yığımlar 38 mln. 768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12 mln. 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 315 min manat və ya 11% artım deməkdir.