2023-cü ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 545 milyon 203 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 342 milyon 901 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə həyat sığortası üzrə yığımlar 28.3% və ya 120 milyon 114 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 13.2% və ya 39 milyon 919 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 20.5% artaraq 294 milyon 793 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 98.5% artaraq 184 milyon 459 min manata bərabər olub.
Beləliklə, ötən il həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 54 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ildə 57.6 manata bərabər olub. 2023 ildə qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 53.8 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə 30.7 manata bərabər idi.