Azərbaycan sığorta bazarının aktiv şirkətlərindən olan “Qala Sığorta” 2019-cu ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az-a verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 9 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 18 205 767 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 6 554 167 manat və ya 56,25% çox olub.

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 2 341 142 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-sentyabr dövrünün göstəricisi ilə müqayisədə 951 619manat və ya təxminən 68,48% çoxdur.

Şirkət sığorta ödənişlərini zərərçəkmiş müştərilərinə qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirib.

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.