“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” şirkətlərinin rəhbərləri dəyişib.

Bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, mayın 8-də hər iki şirkətin Direktorlar Şurasının yığıncağı keçirilib. Şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Uğur İbrahimli 15 ildən artıqdır ki, sığorta sektorunda çalışır. 2006-2014-cü illərdə Atəşgah sığorta şirkətində anderraytinq və təkrarsığorta üzrə müxtəlif vəzifələrdə, 2015-2021-ci illərdə “Meqa Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini, 2021-ci ildən son təyinatına qədər “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrini icra edib.

Emil Ağamaliyev isə 2010-cu ildən sığorta sektorunda fəaliyyət göstərir. 2010-2021-ci illərdə “Meqa Sığorta” ASC-də anderraytinq və aktuariat üzrə müxtəlif vəzifələrdə, 2021-2023-cü illərdə “Meqa Həyat Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.