Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası qəbul edilib və o strategiyada qeyd edilir ki, sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub.
Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri maliyyə iştirakçılarına müraciətində bildirir.
Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir.
Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.