Azərbaycanda icbari sığortalar üzrə elektronlaşma prosesi yekunlaşıb, kağız sığorta şəhadətnamələri artıq istifadə olunmur.
“Report” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) sədri Rəşad Əhmədov Bakıda “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, ötən il daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə elektronlaşma tamamlanıb.
“Avtomobillərin icbari sığortası üzrə şəhadətnamələrin elektron qaydada əldə edilməsi ilə bağlı problemlər aradan qaldırılıb. Ötən il sığorta şəhadətnamələrin 50 %-i elektron qaydada təqdim edilib. Bununla yanaşı elektron arayışların verilməsi ilə bağlı mühüm addımlar atılıb. Daxili İşlər Nazirliyi İSB ilə birgə 50 minə yaxın arayış sığorta şirkətlərinə göndərib”, – deyə İSB sədri əlavə edib.