İcbari Sığorta Bürosunun (İSB) cəmi aktivləri bu il yanvarın 1-nə 34,566 mln. manat təşkil edib.
“Report” Büronun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,5% çoxdur.
İSB-nin aktivlərinin 48,1%-ni və yaxud 16,617 mln. manatını müddətli depozitlər təşkil edib. Bu rəqəm son 1 ildə 38,6% kiçilib.
Ötən il Büronun cəmi öhdəlikləri 11,5% artaraq 8,749 mln. manata, cəmi kapitalı isə 2,3% artaraq 25,817 mln. manata çatıb.
2016-cı ildə İSB-nin gəlirləri 11,255 mln. manat (2015-ci ilə nisbətən 31% az), xərcləri isə 10,675 mln. manat (2,9 dəfə çox) təşkil edib. Son nəticədə ötən il Büronun xalis mənfəəti 580 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 21,8 dəfə azdır.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.