Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” uzunmüddətli strateji inkişaf planına uyğun olaraq nizamnamə kapitalının həcmini artırır.
Şirkətin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyevin sözlərinə görə, “Qala Həyat”ın uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq nizamnamə kapitalının növbəti artımını həyata keçirib.
E.Hüseynquluyev bildirib ki, Səhmdarların Ümumi Yğıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilir: “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçiriləcək. Səhmlərin tam yerləşdirilməsi prosesi cari ilin noyabr ayınadək başa çatacaq” – deyə şirkət rəsmisi vurğulayıb.
Qeyd edək ki, yerləşdirmə prosesi başa çatdıqdan sonra “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatacaq.
Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.