“Günay Sığorta”nın idarə heyətinin sədri Qənbər Suvanverdiyev işdən çıxıb. İdarə heyətinin sədri şirkətin səhmdarları ilə görüşdən sonra şirkəti tərk etmək qərarına gəlib.

Q.Suvanverdiyev fins.az-a açıqlamasında yanvar ayının 25-dən etibarən “Günay Sığorta”dan ayrıldığını təsdiqləyib. Amma şirkətdən ayrılma səbəbini açıqlamayıb. O bundan sonrakı fəaliyyətini digər sahədə davam etdirəcəyini bildirib.

Qeyd edək ki, sığorta şirkətinə yeni sədr təyin edilməyib. Hələlik bu vəzifəni idarə heyətinin sədr müavini Kənan Əsgərov  yerinə yetirəcək.

Xatırladaq ki,  Q.Suvanverdiyev 1993-ci ildə Naxçıvan MR-nın Baş Dövlət Sığorta Agentliyinin Baş Direktoru vəzifəsinə təyin edilib.  1997-ci ildən sonrakı illərdə “Azər Asiya” Sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini tutub.

2012-ci ildən 2014-cü ilədək “Buta Sığorta”nın Direktorlar Şurasının üzvü,2014-cü ildən ötən ilin iyun ayına qədər “Buta Sığorta” şirkətinin İdarə Heyətinin sədri olub. Şirkətin bağlanaraq portfelinin “Günay Sığorta”ya ötürülməsindən sonra Q.Suvanverdiyev bu şirkətin idarə heyətinin sədri təyin edilmişdi.

Fins.az