Yanvarın 1-dən sığortasız mənzil sahiblərinin cərimələnəcəyi ilə bağlı yayılan məlumatlar, sığorta şirkətlərinə müraciətlərin sayını artırıb.

Sığorta satışı ilə məşğul olan mütəxəssislər FED.az-a bildirir ki, əmlak sığortasına tələbatın bu qədər yüksək olması dövrünü xatırlamırlar.

Ölkənin tanınmış sığorta agenti, çoxsaylı  sığorta məhsullarının satışı ilə məşğul olan Şahin İsmayılov FED.az-a bildirib ki, əvvəllər gün ərzində bir mənzil sığortası  satıldığı halda indi bu rəqəm 10-dan az deyil: « Dünən gün ərzində 12 ədəd müqavilə yazmışam. Bu gün isə saat 12-yədək artıq telefonuma 12 sənəd göndərilib. Günün sonuna kimi yəqin 20-dək olacaq».

Əmlakın sığortası ilə bağlı canlanma rayonlarda da müşahidə edilir. Agentə Mingəçevir, Sabirabad, Kürdəmir rayonları və Sumqayıtdan da müraciətlər daxil olub.

Ş.İsmayılov bildirir ki, müraciətlərin artımı əsasən dekabrın 16-17-dən başlayıb. Artımın əsas səbəbi sığortasız evlərə görə cərimə tətbiq ediləcəyi barədə məlumatların yayılmasıdır: «Əsasən bina evləri – «novostroyka» və köhnə sovet mənzil sahibləri, kupçası olanlar müraciət edir».

«Evlərin sığortası ilə bağlı məsələ gündəmə gələndən müraciət sayından başımızı itirmişik» – bunu digər sığorta mütəxəssisi, Dost Sığorta onlayn satış platformasının təsisçisi Nicat Əlibəyli FED.az-a bildirib. «Müraciətlər həddindən artıq çoxdur. Gün ərzində mənim özümə 15-20 müraciət olur. Əvvəllər heç 10 müraciət olmurdu. Müraciət edənlər arasında hər təbəqədən insanlar var»-deyə o bildirib.

Xatırladaq ki, qanunvericiliyə görə, Bakıda mənzil və evlərin icbari sığorta haqqı 50 manat, digər şəhərlərdə 40 manat, rayonlarda isə 30 manat təşkil edir. Bu sığorta əmlaka dəyən zərərə görə, Bakıda 25 min manat, digər şəhərlərdə 20 min manat, rayonlarda isə 15 min manat təminat verir.

Sənədi olmayanlar da zəng edib sığopta ilə maraqlanırlar, «amma onlara bildiririk ki, mənzili yalnız çıxarışı olanda sığortalaya bilərsiniz»-deyə Ş.İsmayılov bildirir.

Yeri gəlmişkən, əmlak sığortasının aktuallaşması ilə paralel olaraq bu sahədə endirimlər də başlayıb. Halbuki, icbari sığorta olduğuna görə, burada endirim qanunsuzdur: «Mənzil sığortası ilə bağlı təklif olunan endirimlər qanuni deyil. Ötən gün bir mənzil sahibi sığorta haqqını soruşdu. 50 manat olduğunu bildirəndə dedi ki, başqa şirkətdən 42 manata təklif alıb».

Ş.İsmayılov bildirir ki, mənzil sahiblərinə belə təkliflər edənlər yüksək faizlərlə işləyən subagentlərdir: «Endirimi də onlara qalan 20%-in hesabına edirlər. Məsələn, bir müqavilədən 10 manat qazanır, onun 10%-ni, yəni 5 manatını müştəriyə endirim edirlər. Rəsmi agertlərin isə ofisi var, sosial müavinət və vergi ödəyirlər. Subagentlərin isə belə xərcləri olmadığından böyük endirim edirlər»- deyə sığorta mütəxəssisi bildirib.