Azərbaycanın sığorta bazarında yeni proses başlayıb. FED.az-ın məlumatına görə, bəzi sığorta şirkətləri agentlərə elan edib ki, mühərrikinin həcmi 2 litrdən az olan avtomobillərin icbari sığortası üzrə müqavilələrə görə, agentlərə komissiya haqqı ödənilməyəcək.
Səbəbi icbari sığortada sığota haqqı və maksimum ödəniş nisbətinin belə avtomobillərdə həddən artıq aşağı olmasıdır.
Avtomobillərin əksəriyyətinin mühərrikinin həcmi 2 litrdən az olan Azərbaycanda agentlər bu qərardan təbi ki narazıdırlar, amma görünür, yeni qaydalarla işləməli olacaqlar.

Məsələ ilə bağlı FED.az açıqlama verən sığorta agenti Şahin İsmayılov sığorta şirkətlərinin belə tələbi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, sığorta şirkətlərinin bu addımının səbəbi kiçik avtomobillərdə sığorta haqlarının az olması (sığorta haqqı mühərrikin həcminə görə hesablanır), ödəniş limitinin isə əksinə bütün avtomobilər üçün eyni olmasıdır. Belə ki, zərər vurulan hər obyektə görə 5 min manat olmaqla, maksimum məbləğ 55 min manatdır.
Digər səbəb bonus-malus sistemi ilə bağlıdır. Qeyd edək ki, bu sistem intizamlı və intizamlı olmayan sürücülərə fərqli sığorta haqqı hesablamaq üçündür. Yəni qəzaya yol vern sürücülər gələn il daha yüksək, ili qəzasız başa vuran sürücülər isə daha az sığorta haqqı ödəməlidir.
Amma Azərbaycanda bu sistem bir tərəfli – yalnız bonus istiqamətində işləyir. Belə ki, qəza törətməyən sürücülər güzəşt alır yəni daha az sığorta haqqı ödəyirlər. Qəza törədənlər isə gələn il avtomobili öz adlarına deyil, başqa, daha intizamlı sürücünün adına sığortalamaqla yüksək sığorta haqqı ödəməkdən yayınırlar.

«Bonus-malus sistemində qəza etməyən sürücü hər il beş faiz endirim alır. Qəza baş verəndə isə sığorta haqqı 25%, 50%, 75% bəzən hətta 100%-150% arta bilər. Yəni il ərzində bir neçə qəza edən sürücünün sığorta haqqı 2 dəfəyə qədər arta bilər. Qəza etməyən hər bir sürücü bu endirimi alır . Amma qəza edən sürücülər artıq ödəniş etmirlər. Bundan qaçmağın çox sadə yolu var» – deyə Şahin İsmayılov bildirib.
«Tutaq ki, hər hansı şəxs qəza edib və buna görə də onun 100 manatlıq sığorta haqqı növbəti ilə 125 manat olalıdır. Amma qəza törədən şəxs bunu etməmək üçün sığorta müqaviləsini öz adına deyil, başqasının, daha intizamlı və qəzası olmayan tanışının adına yazdırır. Nəticədə sığorta şirkəti nəinki həmin sürücüdən artıq sığort haqqı ala bilir, əksinə, daha intizamlı sürücü şirkədən endirim alır»– deyə Şahin İsmayılov bildirib.
Nəticədə hər il ölkədə minlərlə sığorta hadisəsi baş versə də malus sisteminə düşən sürücülərin sayı azdır.
Əvəzində bonusa düşən sürücülərə müxtəlif məbləğlərdə güzəşt edilir. Bəzən bu güzəştlər sığorta haqqının 35%-dək çatır, nəticədə sığorta şirkətlərinin yığımı da azalır. Üstəlik gələn ildən bu endirim 40% təşkil edəcək – sürücü qəza etməsə.

Məsələn, mühərrikinin həcmi 1,5 litr olan avtomobilə 35% güzəşt edildikdən sonra həmin avtomobilə sığorta haqqı 50 manatdan 35 manata enir. Sığorta şirkəti bunu da onunla əsaslandırır ki, 35 manata həm əmlaka, həm sağlamlığa dəyən ziyana görə, 55 min manat təminat verir. Daha böyük, məsələn 3 litr, 4 litr, hətta 5 litr   mühərriki olan avtomobillərdə də bu limit 55 min manatdır.
Nəticədə hazırda avtomobillərin icbari sığortası ən zərərli sığorta növlərindən biri sayılır. Bu ilin ilk yarısının nəticələrinə görə, ölkədə bu sığorta üzrə 47,2 milyon manat sığorta haqqı yığılıb, 30 milyon manat ödəniş edilib. Zərərlilik 63,6% təşkil edir.
Amma bu işin bir tərəfidir. Şirkətlər yığılan sığorta şaqqından agentlərə komissiya da ödəməlidirlər. Bu da sığorta haqqının 15% ətrafındadır. Amma yuxarıda göstərilən vəziyyəti və xərclərin artdığını əsas gətirən sığorta şirkətləri agentlərə komissiya vermək istəmirlər. Ş.İsmayılovun sözlərinə görə, şirkət aldığı 35 manatdan təqribən 15% – yəni 5-6 manat sığorta agentinə komissiya haqqı ödəməlidir. Şirkətlər bundan imtina etmək üçün müxtəlif üsullar fikirləşirlər.

«Agentə isə komissiya haqqı ödəməyən hər hansı bir sığorta şirkətinə icbari avtomobil sığortası yazmaq sərf etmir» – deyə sığorta agenti bildirib. Ş.İsmayılovun sözlərinə görə, sığorta sahəsində yaranan problemləri agentlərə verilən komissiyanı kəsmək yolu ilə həll etmək düzgün deyil.
«AzSığorta» şirkətinin idarə heyətnin sədri Anar Talıbov FED.az-a bildirib ki, mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərin sığortası olduqca böyük zərərdədir. Şirkət rəsmisinin sözlərinə görə, analizlər göstərir ki, şirkətlər 2 litrə qəər olan avtomobilləri hətta sığorta agentlərinin iştirakı olmadan həyata keçirəndə də zərərlilik böyükdür: «Komissiya sıfır olduğu halda belə bu seqmentin zərərliyi 100 % dan çoxdur. Nəzərə alsaq ki, indi yeni avtomobil brendlərin əksəriyyətinin həcmi 2 litrdən azdır və bu tip avtomobillərin sayı durmadan artır, onda gələcəkdə bu sahənin zərərliliyinin daha da çox olacağını demək olar. Çünki böyük moturlu avtomobillər artılq istehsalatdan çıxır və kiçik həcmli avtomobillər bazarda daha çox yer alır” – deyə Anar Talıbov bildirib.

Məhz buna görə, şirkət rəhbəri belə avtomobillərə görə komissiya ödənilməməsini təbii sayır: «Sığorta şirkətinin agentə kiçik mühərrikli avtomobillərin sığortasına görə komissiya haqqı ödəməməsini başa düşürəm» – deyə Anar Talıbov bildirib».
Anar Talıbovun fikrincə mühərikinin həcmi 2 litrə qədər olan avtomobillərin icbari sığortasında bolus- malus sisteminə, bu sahədəki qiymətləndirməyə yenidən baxmaq lazımdır: «Zərərin aşağı salınması üçün sürücülərin «qara siyahısı» hazırlanmalıdır. Bonus-malus sistemi daha ədalətli işləməlidir. Buradakı əmsallar da hadisə törədən sürücülərə uyğun olmalıdır».
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədr müavini Elsəvər Tanrıverdiyevin sözlərinə görə isə sığorta şirkətinin hər hansı bir sığorta agentinə komissiya haqqı ödəyib ödəməməsi şirkətin daxili işidir.

Həmçinin o vurğulayıb ki, ümumiyyətlə bu məsələ ilə bağlı ASA ya hər hansı bir məlumat daxil olmayıb. Bundan başqa qanunvericiliyə görə, sığorta şirkəti sığorta agentinə maksimum 20% sığorta ödənişi edə bilər ki, bunun da 15% -i komissiya şəklində ola bilər.