Ləğv prosesində olan “Başak-İnam Sığorta” ASC-nin səhmdarlarının noyabrın 10-da Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 206D ünvanında keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağı dekabrın 10-na təyin edilib.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu qərar koronavirus (COVID-19) pandemiyasının davam etdiyi nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət olun­ması, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təminatı məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməklə qəbul olunub.

Yığıncağın gündəliyinə şirkətin ləğvetmə balansının müzakirə olunması, maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasına dair audit hesabatının dinlənilməsi və sair məsələlər daxildir.

Xatırladaq ki, “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə, 7,14%-i “Turanbank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0,34%-i “Aqrarkredit” QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.