30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində “PAŞA Holding”in
təşkilatçılığı və “PAŞA Həyat”ın dəstəyi ilə “InMerge Innovation Summit”i
baş tutacaq.
Summitdə “Apple” şirkətinin qurucularından Steve Wozniak, “Tesla”nın
həmtəsisçisi JB Straubel və “Shazam” şirkətinin qurucusu Chris Barton kimi
tanınmış şəxslər iştirak edəcək. Eyni zamanda, “PAŞA Holding”in baş icraçı
direktoru Cəlal Qasımov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev,
iqtisadiyyat naziri Mikayıl Cabbarov və başqaları da sammitə qatılacaq.
Bundan əlavə, summitdə ölkənin aparıcı şirkətlərinin rəhbər və
nümayəndələrinin, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel
müzakirələri, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq.
Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir
parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa doğru addım atmaq
istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı inmerge.az
saytından əldə edə bilərsiniz.