«Azsığorta» şirkəti bir qədər əvvəl şirkətlə bağlı məhkəmə prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

FED.az xəbər verir ki, məhkəmə prosesi bu ilin mart ayında İmişlidə baş verən avtomobil qəzası və bu zaman iştirakçılara dəyən zərərə görə ödənişin verilməsi ilə bağlıdır.

Şirkətdən FED.az-a verilən açıqlamaya görə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı şirkətdə (yəni «Azsığorta»da) sığortalanmış avtomobil zədələnib.

Açıqlamada bildirilir ki, 2019-cu ilin iyun ayında “AZSIĞORTA” şirkətinin sorğusuna cavab olaraq müvafiq dövlət orqanı tərəfindən sənədlər daxil olub. Zərərçəkən hesablanmış zərərin məbləğinin az olmasını iddia edərək təqdim edilən məbləğ ilə razılaşmayıb və məhkəməyə müraciət edib. İddiaçının avtomobilinə dəymiş zərərdən əlavə bir sıra tələblərinin olmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən yalnız əmlaka dəyən hissədə iddia qismən təmin edilib.

İddianın digər hissələri, o cümlədən maraqlı şəxs qismində cəlb edilmiş “United Enterprises Azerbaijan” şirkətinə qarşı tələbləri əsassız olduqları səbəbindən rədd edilib. Təmin olunan hissə ilə bağlı şirkət tərəfindən apellyasiya şikayətinin verilib verilməməsi barədə qərar qəbul ediləcək. Eyni zamanda şirət bildirir ki, «GİLAN HOLDİNQ» “AZSIĞORTA” şirkətilə bağlı olan bu və ya digər məhkəmə prosesinin tərəfi deyil və olmayıb.