Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
Azərbaycan İnvestisiya Holdinqi ləğvetmə komissiyasında təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 (üç) gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.