Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azərsığorta”nın gəlirləri 41,6% azalaraq 34 milyon 532 min manat, xərcləri isə 38,8% azalaraq 44 milyon 985 min manata enib. 2021-ci ildə sığorta şirkətinin gəlirləri 59 milyon 120 min manat, xərcləri 73 milyon 414 min manat təşkil etmişdi. Sığorta şirkətinin xərcləri gəlirlərini üstələdiyindən əməliyyat zərəri, o cümlədən xalis zərəri 10 milyon 453 min manata bərabər olub. Əvvəlki ilə nisbətən sığorta şirkətinin xalis zərəri 26,7% azalıb. Belə ki, 2021-ci ildə “Azərsığorta” 14 milyon 295 min manat xalis zərər açıqlamışdı.
2022-ci ildə “Azərsığorta”nın 16 milyon 465 min manat sığorta yığımı qarşığınında 20 milyon 88 min manat ödəniş həyata keçirib. Başqa sözlə, topladığından 25% artıq ödəniş həyata keçirib.
Hesabat dövrü üzrə sığorta şirkəti 2,9 dəfə kiçilib. Belə ki, sığorta şirkətinin aktivləri 2022-ci ilin əvvəlindəki 49 milyon 180 min manatdan ilin sonunda 17 milyon 298 min manata enib. Şirkətin cəmi öhdəlikləri isə 1,9 dəfə azalaraq 45 milyon 396 min manatdan 24 milyon 509 min manata düşüb. Sığorta şirkətinin kapital çatışmazlığı isə 7 milyon 210 min manata bərabər olub.
Xatırladaq ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən “Azərsığorta”dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Portfelinin böyük hissəsinin ƏƏSMN-ə ötürülməsi sığorta şirkətinin maliyyə göstəricilərinə kəskin şəkildə təsir göstərib.