“Azərsığorta” (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) ötən il zərərdən mənfəətə keçib.
“APA-Economics” bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Belə ki, 2021-ci ildə 29,4 milyon manat zərər edən şirkət ötən ili 2,3 milyon xalis mənfəətlə bitirib.
“Azərsığorta”nın yığılmış zərəri isə 2021-ci ildəki 25,3 milyon manatdan ötən il 22,5 milyon manata kimi enib.
Bu il yanvarın 1-nə “Azərsığorta”nın cəmi aktivləri illik müqayisədə 54% azalaraq 15,85 milyon manata düşüb. Bu dövrdə şirkətin cəmi öhdəlikləri isə 45,8% azalaraq 24,7 milyon təşkil edib.
Sığorta şirkəti ötən il də fəaliyyətini kapital çatışmazlığı (yəni, mənfi) ilə davam etdirib. 2022-ci ildə “Azərsığorta”nın mənfi kapitalı 8,9 milyon manata bərabər olub. Başqa sözlə, cəmi kapitalındakı kəsir 2,4 milyon manat azalıb. 2021-ci ildə şirkətin kapital çatışmazlığı 11,3 milyon manat olub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən bu ilin sentyabrın 1-nə olan çıxarışa əsasən dövlət sığorta şirkəti fəaliyyətini kapital çatışmazlığı ilə davam etdirib.