Hər bir dövlət başçısının əsas vəzifələrindən biri vətəndaşlarının sosial müdafiəsinin düzgün təşkil olunmasıdır. Artıq müəyyənləşmiş konkret sosial-siyasi konsepsiya, bəlli iqtisadi proqram olduqda bu məsələ bəlkə bir o qədər də çətin görünmür. Lakin dünyanın düzəninin tamamilə dəyişdiyi, bir iqtisadi formasiyadan digərinə keçid, müharibə şəraitində, heç bir siyasi baza olmadan bu vəzifəni icra etmək həqiqətən əsl hünərdir. Ümummilli Lider Heydər Əliyev məhz belə hünər sahibi olan şəxsiyyətlərdən idi.
1993-cü ildə taleyin hökmü, Azərbaycan xalqının xilas harayı ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevi gözləyən işə mürəkkəblik baxımdan birmənalı qiymət vermək bəlkə də doğru olmaz. Çünki əslində liderlik qabiliyyəti, illərə söykənən rəhbər təcrübəsi, özünü dərk edəndən xalqına, millətinə bağlılıq hissləri onun qarşıdakı işini asanlaşdırsa da, dövr, zaman tamam başqa idi. İndi Azərbaycan xalqı on illərlə süni şəkildə tənqidini eşitdiyi kapitalizmə keçid edirdi. Onsuz da çətin olan bu dövrdə yeni qaydalara öyrəşmək asan olmayacaqdı. Məsələn, xalq sığorta sözü ilə tanış olsa da, onun əsl mahiyyətini o dərəcədə dərk etmirdi. Əlbəttə, bu, xalqın günahı da deyildi.
Anlayışları dərk etmək, onları həyatın bir hissəsinə çevirmək üçün hüquqi baza belə mövcud deyildi. Olan sənədlərin isə heç biri işlək deyildi. Yeni dövrdə yaşayacaq əhaliyə sadəcə anlayışları izah etməklə, qanunlar qəbul etməklə, sərəncamlar imzalamaqla da iş bitmirdi.
Məhz Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə sığorta bazarı formalaşmağa başladı. Milli Məclis tərəfindən qəbul edilmiş “Sığorta haqqında” Qanunun işlək vəziyyətə gətirilməsi Ümummilli Liderin xidmətləri sırasındadır.
Bu gün sığorta sahəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının ən yüksək səviyyədə olduğunu heç kim danmır. 1996-cı ildə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu MDB ölkələri arasında ilk dəfə Azərbaycanda qəbul edildi.
Hazırda bütün dünyada müzəffər ordu kimi tanınan Azərbaycan Ordusunun ən çətin günlərində – torpaqlarımızın 20 %-nin işğal altında olduğu, minlərlə şəhid verdiyi dövrdə də Heydər Əliyev hərbçilərimizin yanında olmuşdu. Uzaqgörən siyasətçi başa düşürdü ki, orduya, onun sıravisindən tutmuş zabitinə qədər fərdlərinə dəstək vermək vacib məsələdir. Bu mənada “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qəbulu önəmli hadisə idi.
Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sığortası da prioritet məsələlərdən idi. Bu mənada “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qəbulunu qeyd etmək yerinə düşər.
Azərbaycan sığorta bazarının beynəlxalq səviyyəyə çatdırılması, dünyaya açılmağımız da uğurlu iqtisadi və sosial siyasətinin bir parçasıdır. Belə ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra bu işi həyata keçirən Beynəlxalq Əməliyyat Şirkətinin bütün risklərinin frontiq sığortası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilib. Qeyd etmək yerinə düşər ki, bu şirkət Londonun “Lloyd” sığorta korporasiyasının “Secviq” broker qrupu vasitəsilə Beynəlxalq Əməliyyat Şirkətinin risklərini sığortalayaraq beynəlxalq təkrar sığorta bazarında tanınıb.
Bu dövrdə bazar münasibətlərinə əsaslanan, sosial ədalətə söykənən sığorta sisteminin yaranması, bunun üçün təkmil qanunvericilik bazasının formalaşması qəbul edilməklə, sığorta prinsipinə əsaslanan yeni pensiya sisteminin yaranmasının konseptual əsasları müəyyənləşib. Belə ki, 2001-ci ildə “Azərbaycan Respublikasında pensiya islahatları Konsepsiyası” təsdiq olunub.
Heydər Əliyev çıxışlarının birində sığorta haqqında fikirlərini bildirərkən qeyd etmişdi: “Sığorta – Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz şübhəsiz ki, sığorta işini inkişaf etdirməliyik, lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik”.
Bu gün artıq əminliklə deyə bilərik ki, məhz Ümummilli Liderin qoyduğu mirasa əsaslanan Azərbaycan hökuməti sığorta işini inkişaf etdirir, onu Ulu Öndərin dediyi kimi düzgün yerinə yetirməyə çalışır.
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.