“Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin 2019-ci ildə məcmu gəlirləri 705,493 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 10,8% çoxdur.

Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 11,3% artaraq 620,659 milyon manat olub. Şirkətlərdən 10-nun gəlirləri, 13-nün isə xərcləri artıb.

Ötən ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 84,834 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 6,9% çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2 şirkətdə isə maliyyə zərəri artıb. 2018-ci ildə maliyyə mənfəəti əldə etmiş 2 şirkət 2019-cu ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərərinə uğramış 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.

2019-cu ildə sığorta şirkətləri 22,622 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2018-ci ilə nisbətən 28,7% çoxdur. 21 şirkətdən 6-sı vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb (bunlardan 2-də azalma 100% olub), əvvəlki il vergi ödəməmiş 7 şirkətdən 5-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.

Ötən ilin yekununda Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 62,212 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 0,75% çoxdur. 2019-cu ildə maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 2 şirkətin isə həm də zərəri artıb. 2018-ci ili mənfəətlə başa vurmuş 2 şirkət 2019-cu ili zərərlə, əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ili mənfəətlə başa vurub.