“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girib məsuliyyəti öz üzərinə götürməz”.

Bunu açıqlamasında sığorta eksperti Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, birincisi, ildə  ticarət mərkəzlərində bir neçə dəfə yanğın olur: “Digər tərəfdən ticarət obyektlərində yanğın təhlükəsizliyi sıfır vəziyyətindədir. Yanğın təhlükəsizliyinə riayət olunmur”.

O, əlavə edib ki, belə olan halda sığorta şirkəti xeyriyyə qurumu  deyil, kimsə  hansısa  bədbəxt hadisəyə görə ziyan çəkdiyi üçün ona kompensasiya versin: “Sığorta şirkətləri normal risk idarəetməsini həyata keçirirlər”. Ekspert deyib ki, sığorta məsələsi ancaq vətəndaşın belə bədbəxt hadisələr baş verən zaman yadına düşür:  “Vətəndaş başa düşməlidir ki, belə hallarda yeganə kompensasiya vasitəsi sığortadır.

Ancaq kütləvi ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki, o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Yəqin ki, binanın sığortası olub. Ən azından FHN bina tikiləndə icbari sığortanı tələb edir. Amma şübhə etmirəm ki, bina sahibləri də sadəcə formal olaraq şəhadətnamə alıblar. Kiçik məbləğə sığortalayıblar ki, kağızı FHN-ə göstərsinlər. Guya bina sığortalanıb. Vətəndaşların özlərinə gəldikdə isə 99 %-inmalları sığortasızdır”.

O, bildirb ki, səbəb isə insanlarımızın səhlənkarlılğındadır: “Gedib qapılarını döyürsən ki, 50 manat ödə, 25 000 manata evini sığortala, birdən hadisə olar. Əksəriyyəti deyir ki,əşi Allah kərimdir, heç nə olmaz”.

@Fins.az