Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 201,7 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə toplanan sığorta haqlarının həcmi 8,1% azalıb, sığorta ödənişlərinin həcmi isə 7,9% artıb.

Hesabat dövründə könüllü sığorta bazarı üzrə haqlar 351,7 mln. manat, ödənişlər isə 143,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170,7 mln. manat, ödənişlər isə 58,3 mln. manat olub.

Cari ilin yanvar-sentyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67,3%-i könüllü, 32,7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1%-i könüllü, 28,9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2% və ya 3,7 mln. manat, icbari növlərində isə 7% və ya 9,1 mln. manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26% və ya 5,3 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 29% və ya 1,7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 6% və ya 0,6 mln. manat) artım qeydə alınıb.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3,6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4,9 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1,1 mln. manat artım) növləri olub.

 

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29% (8,1 mln. manat) artım olub.

Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,4 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,6 mln. manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

APA-Economics