Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 113 552,7 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 26 053 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 6,5% artıb, ödənişlər isə 12,4% azalıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 15,8% artaraq 26 992,5 min manat, ödənişlər isə 15,6% azalaraq 811,8 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 86 560,2 min manat sığorta haqqı yığılıb, 25 241,2 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4% artım və 12,3% azalma deməkdir.