Dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortalanacaq.

Bununla bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə (Sığorta olunanlar) dəyişiklik təklif edilir. Bu barədə APA yazıb.

Təklifə əsasən, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəzlənməlidir.

Bununla da Qanun hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərə şamil edilə bilər.

Sənədin hazırkı variantı isə belədir: Qanun hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilir.

Layihə Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul olunub.

 

@Fins.az