Bu gün qlobal və lokal sığorta bazarında icbari növlərə aid məhsullar mühüm əhəmiyyət kəsb edir. Çünki icbari sığorta növləri bazarın əsas lokomativi olub, insanlarda sığorta vərdişlərinin yaranmasında və formalaşmasında əhəmiyyətli rol oynayır.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin tikinti şirkətlərinə müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, qaydaları 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanunla tənzimlənən icbari sığorta növləri arasında insanların kifayət qədər məlumata sahib olmadığı bir sığorta növü də var ki, bu da “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”dır. Sığortanın bu növü əmlak sahibinin hərəkət və hərəkətsizliyi nəticəsində qarşı tərəfin əmlak və ya sağlamlığına dəyən zərərin əvəzini ödəyir.

Hər il baş verən ehtiyatsızlıq nəticəsində yarana bilən sığorta hadisələrinin sayını və nəticədə üçüncü şəxslərə dəyən zərərin ümumi dəyərini və həcmini nəzərə alsaq, adı çəkilən sığorta növünün əhəmiyyəti öz aktuallığını və vacibliyini bir daha təsdiq etmiş olur.

“Bu gün ölkəmizdə inşaat prosesi davam edən çox sayda yarımtikili var. Təhlükəsizlik tədbirlərinin tətbiqinə baxmayaraq kiçik bir ehtiyatsızlıq yüksək məbləğdə maddi zərərlə yanaşı, həm də sağlamlığa ciddi xətər yetirmə ilə nəticələnir. Bu gün həmin mülk sahibləri fərdi qaydada inşaat sığortası məhsulunu da əldə etməklə, yarana biləcək risklərdən öz əmlaklarını və avadanlıqlarını sığortalaya bilərlər. Nəzərə almaq lazımdır ki, risk həmişə var. Sığorta isə baş vermə ehtimalı qaçılmaz olan riskin qarşısını almır, risk baş verdiyi zaman dəyən zərəri kompensasiya edir”, – deyə qurum bəyan edib.