“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2018-ci ildəki 2 milyon 172 min manat zərəri 2015 və əvvəlki illər yaranmış ümidsiz borcların silinməsi ilə əlaqədardır.

Bunu “Marja”ya Şirkətin Baş mühasibi Gülmira Quliyeva bildirib.

“STANDARTIN TƏLƏBİNƏ ƏSASƏN SİLİNİB”

Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta”nın cari vəziyyəti normaldır, şirkətin çətinlikləri yoxdur. 2017-ci illə müqayisədə 2018-ci ildə toplanan sığorta haqları artıb:

“2015 və əvvəlki illər icbari sığorta satıcıları icbari sığortanı satıb, ödənişi şirkətə mədaxil etmədilər. Bu səbəbdən debitor borclar yarandı. Həmin agentlər şirkətimiz tərəfindən məhkəməyə verilib. Biz bir neçə il gözlədik ki, bəlkə məhkəmə yolu ilə ödənişləri geri alaq. Təəssüf ki, debitor borcların cüzi hissəsi geri alındı. Rəhbərliyin qərarı ilə  ümidsiz borclar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən silindi. Sığorta şirkətləri öz hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında tərtib edirlər. Eyni zamanda, 2018-ci ilin Yanvar ayından 9 saylı maliyyə alətləri adlı standart qüvvəyə minib. Bu standartın tələbinə görə, 365 gün və daha artıq müddətdə ödənilməmiş debitor borclar silinməlidir. 2016 və 2017-ci illərdə ümidsiz borcların silinməməsi uçot qüsuru olaraq qalırdı. Bu qüsur yoxlama zamanı da bizə irad göstərilə bilərdi. Bunu nəzərə alan rəhbərlik, standartın tələblərinə əsasən, ümidsiz borcun gəlir hesabına silinməsinə qərar verdi. Bu səbədən ötən il “Azərbaycan Sənaye Sığorta”nın xərcləri artmış və zərəri yaranmışdır”

Gülmira Quliyeva  əlavə etdi ki, 2016-cı ildən sonra  gecikmədə olan debitor borc yaranmayıb və agentlərdən ödənişlər vaxtında yığılır.