“Azərbaycan Sənaye Sığorta” şirkətinin növbəti il üçün inkişaf istiqamətləri məlum olub. Bu barədə fins.az-a müsahibəsində şirkətin idarə heyətinin sədri Uğur Çağlar məlumat verib.

“2017-ci ildə icbari avtosığorta satışlarını artıracağıq”

Onun sözlərinə görə, sığorta şirkəti iki istiqamətdə inkişaf planı üzərində işləyir. Fərdi satışlarla bağlı avtomobillərin icbari sığortasında satışların genişləndirilməsinə diqqət yetiriləcək:” Bu sığorta növündə 2012-ci ildən bazar üzrə ciddi bir böyümə nəzərə çarpır. Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə diqqət yönəltməsindən sonra inkişaf tempi daha da sürətlənib. Elektron müqaviləyə keçidlə növbəti il bu istiqamətdə satışlarımızı artırmağa çalışacağıq”.

“İşçilərin tələbinə uyğun tibbi sığorta məhsulları satışa çıxarmışıq”

U.Çağlar deyib ki, sığorta şirkətinin növbəti ildə digər inkişaf istiqaməti korporativ müştərilərlə bağlı olacaq. Söhbət könüllü tibbi sığorta və kənd təsərrüfatı sığortasından gedir. “Azərbaycan Sənaye Sığorta”da könüllü tibbi sığortanın inkişafı üçün əsasən mövcud müştəri potensialından maksimum yararlanmağı düşünür: “Yəni, müəssisələrdə sığortalanan işçilərin sayının artırılmasına çalışacağıq. Artıq müştərilərin istəyinə uyğun bir neçə paketdə tibbi sığorta məhsulu satışa çıxarılıb”.

“Tibbi sığorta ilə bağlı tenderlərdə iştirak edəcəyik”

Bundan əlavə, digər şirkətlərin işçilərinin də tibbi sığortaya cəlb edilməsinə başlayacağıq. Bunu isə tenderlərə qoşulmaqla həyata keçirəcəyik. 2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın adını tez-tez tenderlərdə görəcəksiniz. Həm fiziki, həm də hüquqi şəxs olan müştərilərin sayını artıracağıq”. U.Çağlar əlavə edib ki, könüllü tibbi sığorta fərdi müştəri qazanmaq baxımından çox əhəmiyyətə malikdir: “Məsələn, 2016-cı ildə müştərilərə 13 min dəfə tibbi sığorta ödənişi etmişik. Bir müştəri ilə ildə 6-8 dəfə görüşürük. Bunun nəticəsində arada səmimiyyət yaranır. Müştəri əgər xidmətdən razı qalırsa, digər sığorta növlərini də eyni şirkətdən almağa çalışır. Müştəri məmnuniyyəti yaratmaqla bu sahədə satışlarımızı daha da artırmağa çalışacağıq”.

“Kənd təsərrüfatı sığortasında dövlət dəstəyinə ümid edirik”

Şirkət rəhbəri bildirib ki, könüllü tibbi sığorta ilə yanaşı, zərəriliyin və risklərin yüksək olmasına rəğmən kənd təsərrüfatı sığortasında da satışların artırılması planlaşdırılır:”Bütün dünyada kənd təsərrüfatı sığortası risklərin yüksək olmasına görə diqqətli yanaşma tələb edən sahədir. Ona görə də bu sahədə anderraytinq önəmlidir. Yerində baxış keçirilməsi, ekspertlərlə müzakirlərin aparılması çox vacibdir”. U.Çağlar deyib ki, inkişaf etmiş ölkələrdə  kənd təsərrüfatına dövlət xüsusi diqqət yetirir.Azərbaycanda da yenicə hazırlanan maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı sığortası ilə bağlı strateji siyasəti, kənd təsərrüfatı infrastrukturunun əhəmiyyəti və s. amillər diqqətə alınıb. Kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Bu bizim üçün də önəmlidir. Çünki kənd təssərrüfatı sığortasında, xüsusilə də bitkiçilik məhsullarının sığortalanmasında önəmli bir bazar payımız var. Hesab edirəm ki, sığortanın bu sahəsində ciddi satış potensialı mövcuddur.

“Kənd təsərrüfatı sığortasında Türkiyə təcrübəsinə ehtiyac var”

U.Çağlar hesab edir ki, kənd təsərrüfatı sığortasının genişlənməsi üçün Türkiyə təcrübəsinə ehtiyac var.Məsələn, TARSİM Türkiyədə 2006-2015-ci illər dönəmində kənd təsərrüfatı sığortasından 3.3 milyard TL yaxın vəsait toplamışdı. Qarşılığında 2,4 milyard TL ödəniş edilib. Bununla belə, hər 3 tərəf qazana bilib. Çünki sığorta haqlarının 1,6 milyard TL  dövlət, 1,7 milyard TL fermer ödəyib. Fermerin qazancı ondan ibarətdir ki, 1,7 milyard TL sığorta haqqı qarşılığında 2,4 milyard TL ödəniş alıb. Dövlət 1,6 milyard TL ödəsə də, iki sektorun inkişafı ilə dolayı yolla öz inkişafına səbəb olub. Sığorta şirkəti isə dövlətin dəstəyi hesabına böyük zərərləri qarşılayaraq həm də gəlir əldə edir. Şirkət rəhbəri bildirib ki, bu təcrübə Azərbaycana da gələcək. Amma bu bir günün işi deyil. TARSİM-də də bu müəyyən layihələrdən sonra formalaşmağa başladı. Onun sözlərinə görə, bu il Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda TARSİM-lə Palatanın nümayəndələrinin ilə Azərbaycanda bu sığorta növünün inkişaf etdilməsi üçün birgə “workshop”ları olub. Bu isə onu göstərir ki, kənd təsərrüfatı sığortasına dövlət dəstəyi artacaq.

Kreditplaza.az