Azərbaycan avtomobil sığortası bazarı bu ilin I yarısında böyüyüb. Fins.az-ın son statistika üzrə apardığı təhlil göstərir ki, ölkədə avtomobil sığortası bazarı 1,2% artıb.       

Bazarın 20%-i avtomobil sığortasına aid olub

Belə ki, sığorta şirkətləri yanvar-iyun aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə  55,924 milyon manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 55,253 milyon manat təşkil etmişdi.

Avtomobil sığortasında yığımlarla yanaşı, ödənişlər 2,9% artıb. 6 aylıq nəticələrə əsasən, sığorta şirkətləri 25,684 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 24,962 milyon manat olmuşdu.

Kaskoda yenidən geri sayım başladı

Avtomobillərin könüllü sığortasında yenidən geri sayım başlayıb. Belə ki, ötən ilin I yarısında sığorta şirkətləri 11,373 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu ilin eyni dövründə isə könüllü avtomobil sığortasından 10,560 milyon manat sığorta haqqı yığılıb. Başqa sözlə, kasko sığorta üzrə yığımlar 7,1 % azalıb.

Kasko üzrə ödənişlər isə 7,471 milyon manatdan 5,711 milyona düşüb – yəni 23,6% azalma qeydə alınıb.

 İcbari avtomobil sığortasında artım olub

Sığorta sektorunun dayaq sütunlarından olan icbari avtomobil sığortasında isə yığımlar nisbətən artıb. Statistikaya əsasən 2017-ci ilin yanvar-iyun aylarında  icbari  avtomobil sığortası üzrə yığımların həcmi 44,708 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.(2016-ci ilin yanvar-iyunayları üzrə 42,894 milyon manat).

Bu növ üzrə sığorta ödənişləri 14,1% artaraq 19,903 milyon manat olub. Ötən ilin eyni dövründə 17,445 milyon manat təşkil etmişdi.

Könüllü məsuliyyət sığortası da azalıb

Kasko sığorta ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da azalıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin I yarısında 985,852 min manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 33,5% azalaraq 655,458 min manat təşkil edib.

Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə, 54,4% artaraq 69,401 min manat olub.

Avtosığortada zərərlilik artır

Sektor üzrə aparıcı növ olan avtomobillərin icbari sığortasında ödənişlərin xeyli artması bazar üzrə zərərlilik göstəricisini artırıb. Belə ki, şirkətlər  avtomobil sığortasından topladıqları hər 100 manatdan 45,9 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 45,2 manat təşkil etmişdi.