Vergilər Nazirliyi “Atəşgah” sığorta qrupunda səyyar vergi yoxlamalarına başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, yoxlamalar qrupa daxil olan həm “Atəşhag Sığorta” ASC-də, həm də “Atəşgah Həyat Sığorta” ASC-də aparılır.

Bununla əlaqədar maliyyə holdinqinin qapılarının möhürləndiyi, əməkdaşların iş prosesindən müvəqqəti kənarlaşdırıldığı bildirilir.

Vergilər Nazirliyi hələ ki, yoxlamalarla bağlı açıqlama verməyib.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “İSR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

“Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.