Azərbaycan həyat sığortası bazarının iştirakçısı olan “Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalmaqda davam edir.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı rəsmi hesabatına əsasən, son bir illə müqayisədə “Atəşgah Həyat”ın yığımlarında kəskin azalma müşahidə olunub.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında “Atəşgah Həyat”ın satış komandası tərəfindən 41,414 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 15,786 mln. manat və ya 55% azalaraq 28,628 mln. manat təşkil edib.

Qeyd edək ki, yığımların həcmindəki azalma ilə yanaşı Şirkətin bazar payı da azalıb. Belə ki, son bir il ərzində “Atəşgah Həyat”ın bazar payı 1,8 faiz bəndi azalaraq 5,5% ə düşüb.

Xatırladaq ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.