Son dövrlər Azərbaycanda ipoteka kreditləri üzrə fəallıq müşahidə edilir. İndiyədək ölkədə ümumilikdə ümumi məbləği 1 milyard manatdan artıq olan 22 582 ipoteka krediti verilib. Kredit götürənlərin əksəriyyəti – 81%-i aylıq gəliri 700 manatdan artıq şəxslərdir. Kreditlərin böyük hissəsi Bakı və Sumqayıtda verilir. FED.az xəbər verir ki, bir qədər əvvəl prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları ilə ipoteka kreditləri ilə bağlı tələblər daha da yumşaldılıb.

FED.az-ın məlumatına görə, ipoteka kreditləri mövzusu Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. FED.az ipoteka kreditləri, onların şərtləri və bu sahədək imkanlarla bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Səbail filialının müdiri Nuru Xəlilovun «Bank saatı»na müsahibəsini təqdim edir:

– Nuru müəllim, Azərbaycanda ipoteka kredit verən, yəni müvəkkil bankardan biri də ABB-dir. Sizin bankdan ipoteka kreditini hansı şərtlərlə almaq olar?

– İpoteka kreditləri iki formadadır – adi və güzəştli. Bankımız hər iki növ ipoteka kreditlərini verir. Güzəştli ipoteka kreditləri illik 4%-lə, ilkin ödəniş minimum 20% olmaqla, maksimum 30 il müddətinə verilir. Güzəştli ipoteka kreditlərinin maksimal məbləği 100 min manatdır. Adi, yəni standart kreditlər isə illik  8%, maksimal müddət 25 il və maksimum məbləğ 150 min manat olmaqla verilir.

– Yəni güzəştli ipotekada maksimum məbləğ 100 min manat, stardart kreditlərdə 150 min manatdır?
– Bəli elədir, amma müddətlər fərqlidir, güzəştli kreditlər 30 illiyə, standart kreditlər isə 25 illiyə verilir.

– İpoteka kreditini hansı yaşdan götürmək olar və hansı yaşa qədər ödəyib bitirmək lazımdır?
– 18 yaşdan yuxarı olan bütün vətəndaşlar, əgər rəsmi gəlirləri varsa, ipoteka krediti ala bilərlər. O ki qaldı kreditin başa çatmasına, kreditin bitmə tarixinə borcalanın yaşı 65-i keçməməlidir. Yəni 65 yaşına kimi ipoteka krediti ödənilib başa çatmalıdır.

– Nuru müəllim, sizin bank bütün şəhər və rayonlarda ipoteka krediti verir?
– Hazırda ABB-də ipoteka kreditləşməsi mərkəzləşmiş qaydada, yalnız bir filial tərəfindən – Səbail filialında həyata keçirilir. Statistikaya baxsaq, ipoteka kreditlərinin əksəriyyəti Bakı və Sumqayıt şəhərlərinin payına düşür. Amma biz ABB olaraq ölkənin bütün şəhər və rayonlarından olan mənzillərin alınması üçün müraciətlərə baxa bilərik. Burada müştərinin göstəriciləri – gəliri və kredit tarixçəsi, ən əsası isə alınan mənzilin-evin likvidliyidir.

– Yəni mənzilin satıla bilməsi, eləmi?
– Bəli, yəni gələcəkdə hər hansı problem yaşanarsa, mənzilin qısa müddətdə satılması imkanı yüksək olmalıdır.

– Məsələn, Gəncədə evlərin satışında məncə problem olmaz, bu şəhərdə ipoteka krediti vermisiniz?
– Gəncədə hələ kredit verməmişik, amma son bir həftə ərzində bu şəhərdə mənzil almaq üçün bir neçə müştərimizin müraciəti var və indi bu müraciətlərə baxılır. Hesab edirəm ki, Gəncə mənzillərin likvidliyi baxımından problemsiz şəhərdir.

– İpoteka krediti ilə yalnız kupçalı evlər almaq olar – eləmi?
– Bəli ipoteka kreditini almaq üçün mənzillər tam hazır olmalıdır, təmirsiz də olsa olar,  yəni hökmən təmirli olması şərt deyil. Amma kreditin verilməsi üçün hökmən mənzilin qeydiyyatı ilə bağlı çıxarış, yəni el arasında deyildiyi kimi «kupça»sı olmalıdır.

– Məsələn, yeni tikilin binalardakı mənzilləri ipoteka krediti ilə almaq olar?
– Əgər çıxarışı varsa olar, başqa variantda xeyr.

– Yəni hansısa maliyyə arayışı, order və sair sənədlərlə ipoteka krediti götürmək olmaz?
– Xeyr, hal-hazırda bu mümkün deyil. Məsələn, əvvəllər belə bir imkan vardı ki, ipoteka krediti ilə belə evləri almaq olardı, bir şərtlə ki, kupçası olan başqa ev girov qoyulmalı idi. İndi isə yalnız alınan ev girov qoyulmalıdır. Ona görə də çıxarış tələb olunur.

-İpoteka kreditləri siz dediyiniz kimi, illik 4-8%-lə verilir. Belə kreditin verilməs bankın özü üçün sərfəlidir?
– Bilirsiniz, bu vəsait bizə İpoteka və Kpreit Zəmanət Fondu tərəfindən ayrılır. Yəni vəsaitin əsas mənbəyi dövlətdir, burada bank çox az bir marja qoyaraq krediti əhaliyə təqdim edir. Təbii ki, bizim burada əsas istəyimiz, qazanc deyil, sosiallaşmanın artması və aztəminatlıların, evi olmayanların evlə təmin edilməsidir. Bizim bank burada vasitəçi rolunu həyata keçirir.

– Bu il Azərbaycan Beynəlxalq Bankı nə qədər məbləğdə ipoteka krediti verməyi planlaşdırır?
– Planlaşdırılan məbləği tam dəqiq demək mümkün deyil, çünki bu məbləğ müraciətlərn sayından asılıdır. Burada mövsümi amillər və iqtisadi vəziyyətin təsiri də olur. Amma deyə bilərəm ki, ilin əvvəlindən indiyədək təkcə 500 min manatlıq güzəştli kredit vermişik. Adi ipoteka kreditlərinin məbləği də kifayət qədərdir.

– ABB-dən ipoteka krediti götürmək istəyən şəxslər hara müraciət etməlidir?
– Bizim ünvan – Bakı şəhəri, Tolstoy küçəsi 191 ünvanı, ABB-nin Səbail filialı. Sadə desək, filialımız Nəsiminin heykəlinin ətrafı kimi tanınan ərazidə yerləşir.

– Ümumiyyətlə müraciət necə olur? Yəni ipoteka krediti almaq üçün banka gəlmək lazımdır?
– Xeyr, ipoteka krediti götürmək istəyənlər, əvvəlcə elektron ipoteka sistemində qeydiyyatdan keçməlidirlər. Bunun üçün isə onlar hər hansı mobil operatordan elektron imza almalıdırlar, bu imzanın köməyi ilə elektron ipoteka sistemində qeydiyyatdan keçirlər.

– Deməli ipoteka krediti götürmək üçün, müraciət üçün elektron imza tələb olunur.
– Bəli, mobil operatorlardan birindən elektron imza alınmalıdır. Onlar elektron ipoteka sistemində qeydiyyatdan keçdikdən sonra  sistem onlara bildirir ki, qarşıdakı 10 gün ərzində seçdiyiniz bankın filialına yaxınlaşa bilərsiniz. Bundan sonra onlar artıq bankımıza yaxınlaşırlar. Burada vətəndaşın sənədlərinə baxılır, araşdırılır. Çatışmayan sənədlər varsa, onlar da yığılır. Bütün sənədlər toplandıqdan sonra biz müştərinin sənədlərinə baxıb qısa müddət ərzində, maksimum 3 gün ərzində baxırıq və müsbət cavabımızı və ya imtinamızı bildiririk.

– Müsbət cavab olduqda vətəndaş nə etməlidir?
– Belə halda müştəriyə 45 gün vaxt verilir ki, o almaq istədiyi mənzili tapsın. Yəni gördüyünüz kimi, bu prosesdə bankdan asılı olan heç bir problem yoxdur, müştəri deyilən sənədləri qısa müddət ərzində toplayıb gətirsə, krediti qısa müddətdə ala bilir. Hətta praktikamızda elə müştəri var ki, qeydiyyata başlayandan sonra 8 gün ərzində ipoteka kreditini götürüb ev alıb.

– Bəzi təşkilatlar işçilərinə əmək haqqını sizin kartlarla verirlər.  Sizin bank yalnız sizdən əməkhaqqı alanlara ipoteka krediti verir, yoxsa istənilən şəxs gəlib götürə bilər?
– Xeyr, Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondunun hesabına olan ipoteka kreditlərini bütün vətəndaşlar ala bilərlər. Biz hətta əmək haqqı almayan şəxslərə, yəni sahibkarlara da kredit veririk.

– Əsas məsələlərdən biri də ipoteka krediti almaq istəyənlərin kredit götürmə qabiliyyətinin necə ölçülməsidir. Sizdə gəlirlər və xərclər necə nəzərə alınır? Məsələn, bir nəfərin dolanması üçün aylıq nə qədər məbləğ götürülür?
– Kredit götürmək istəyən şəxsin müraciətinə baxanda onun gəlirliyi nəzərə alınır. Burada sırf rəsmi gəlirdən söhbət gedir. Buraya əmək haqqı arayışı, bank hesabından çıxarış (bu istənilən bank olar) vəsait aiddir. Biz ödəmə qabiliyyətini qiyətləndirəndə adambaşına xərci yaşayış minimumu ilə götürürük, bu da 155 manatdır.

– Gəlin biz bunu misallarla izah edək. Tutaq ki, adamın 1000 manat rəsmi gəliri və 4 ailə üzvü var. Bu adam nə qədər ipoteka krediti götürə bilər?
– Adamın 1000 manat gəliri və 4 ailə üzvü varsa, bu üzvlərin aylıq xərci 4X155 manat, yəni 620 manatdır. Bunu gəlrlərdən çıxanda qalır 380 manat. Bu məbləğdən vətəndaşın aylıq ödədiyi kommunal xərclər çıxılır – təqribn 25-30 manat. Qaldı təqribən 350 manat. Buradan ayıq ödənilən sığorta haqlarını – mənzilin sığortası və vətəndaşın həyat sığortası haqlarını da nəzərə alanda sırf kreditin ödənilməsi üçün 340 manat qalır. Aylıq bu qədər ödənişlə 40-45 min manat kredit almaq olar.

– Əgər vətəndaş işləmirsə və sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, onda onun gəlirləri necə hesablanır?
– Əgər şəxs, rəsmi olaraq fərdi sahbkar kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldursa və bütün dövriyyəsi şəffafdırsa, onlar son 12 aylıq fəaliyyəti haqqında məlumatları, vergi bəyannamələrini bizə göstərir. Burada göstərilən məbləğin bir hissəsi onun gəliri sayılır. Əgər sahibkar ticarət sahəsində işləyirsə, onun aylıq dövriyyəsinin 20%-i, xidmət və ya istehsalat sahəsində fəaliyyət göstərdikdə isə 70%-i onun gəliri sayılır.

– Bir ailədə neçə nəfər kredit ala bilər?
– Bir ailədə hər bir şəxs kredit ala bilər.

– Məsələn, ailədə 5 nəfər varsa, hamısı ipoteka krediti götürə biər?
– Əlbəttə, hətta qanun icazə verir ki, bir nəfər iki dəfə ipoteka krediti götürə bilər.

– Hətta belə…
– Bəli. Burada məsələ belədir – vətəndaş bir dəfə güzəştli və bir dəfə güzəştli kredit götürə bilər. Eləcə də bir nəfər iki dəfə güzəştsiz kredit götürə bilər. Amma iki dəfə güzəştli kredit götürməyə icazə verilmir. Yəni illik 4%-lə güzəştli krediti yalnız bir dəfə almaq olar.

– Evlərin qiymətlənirilməsi necə aparılır? Məsələn, vətəndaş öz evini, 60 min manata satır, qiymətləndirici şirkət isə bildirir ki, bu evin qiyməti 50 min manatdır. Bank bu zaman hansı qiyməti əsas götürür?
– Sizin çəkdiyiniz misalda qiymətlərdə 20% fərqi var. Yəni qiymətləndirici şirkətin 50 min manat qiymət qoyduğu evi, sahibi 60 minə satır. Bu çox az hallarda rast gəlinir. Əslində doğrudan da qiymətləndirici şirkətlər müəyyən risklərdən qorunmaq üçün evin qiymətini bir qədər azaltmağa meylli olurlar. Amma bəzən əks vəziyyət də yaranır. Yəni müştəri evi 50 min manata alır, amma qiymətləndirici şirkət bildirir ki, bunun real dəyəri 55 min manatdır. Belə vəziyyətdə biz ən aşağı qiyməti əsas götürürük və ona uyğun kredit veririk. Yəni evin qiymətinin 80%-i qədər kredit ayırırıq (çünki qalan 20%-i müştəri ilkin ödəniş kimi ödəyir – FED.az).

– Belə hallar da olur ki, hər hansı ailə kredit alır və bir müddət keçəndən sonra ailə üzvlərinin sayı artır və alınmış ev ona kifayət etmir. Belə olanda həmin evi, hələ kreditdə ola-ola dəyişmək mümkündürmü?

– Ailə böyüyəndə evin sahəsinin kifayət etməməsi, ya da müştərinin gəlirinin artması və daha geniş, daha çox otaqlı evdə yaşamaq istəyi ilə bağlı evini dəyişmək problem deyil. Biincisi, müştəri həmin evi adi qaydada sata bilər, və ya o elə müştəri tapıb mövcud olan krediti onun adına rəsmiləşdirə bilər. Amma bir şərt var ki, yeni müştəri də İpoteka Fondunun tələblərinə cavab verməlidir. Yəni onun da rəsmi gəlirləri olmalı, gəlirləri kifayət qədər yüksək olmalıdır və s.

– Məsələn, tutaq ki, mənim ipoteka krediti ilə aldığım ev var. Amma onun sahəsi kiçikdir və mən onu satıb başqasını almaq istəyirəm. Evin qiyməti tutaq ki, 50 min manatdırsa, və mən indiyədək onun 30 min manatını ödəmişəm.
Onda mən bir müştəri tapıram, o müştəri mənə 30 min manatı birbaşa verir, qalan 20 min manatı isə kredit şəklində banka ödəyir, eləmi?
– Bəli tamamilə doğrudur.

– Bəs bu müddətdə evin qiyməti dəyişəndə necə olur? Belə çıxır ev yenidən qiymətləndirilir və yeni müştəri kreditin yalnız qalan hissəsini qaytarmalıdır?
– Bəli, bu məsələ müştərilər arasında həll olunan məsələdir. Əsas odur ki, yeni müştəri kreditin hələ borc kimi qalan hissəsini ödəsin.

– Siz dediniz ki, gəlir və ödəmə qabiliyyəti qiymətləndiriləndə adambaşına xərc olaraq gəlirdən 155 manat çıxılır. Belə çıxır ki, gənc ailələr ipoteka kreditini uşaq dünyaya gətirməzdən əvvəl alsalar daha sərfəli olar. Eləmi?
– Ümumiyyətlə, ailə üzvlərinin sayı nə qədər az olsa, ipoteka kreditlərinin alınması o qədər asandır və kreditin məbləğinin yuxarı olması şansı daha böyükdür. Əlbəttə ki, övladlar olmalıdır və onlarsız bizim həyatımız ola bilməz, amma reallıq da budur ki, övladın dünyaya gəlməsi bizim kredit almağımızı bir növ «çətinləşirir».  Çünki onun qazancı yoxdur, amma əvəzində ödəmə qabiliyyəti hesablananda bizim gəlirləri 155 manat azaldır.

– Belə çıxır ki, gənc ailələr ev məsələsini və ipoteka krediti götürməsi prosesini övlad olmazdan əvvəl həll etməlidirlər?
– Bəli, hətta subay vaxtı ipoteka kredit götürsələr daha yaxşı olar.

– Tutaq ki, mən ayda 500 manat maaş alıram, amma bu məbləğ mənim ipoteka krediti götürməyimə kifayət etmir. Onda mən digər bir şəxsi də birgə borcalan kimi göstərməklə kredit ala bilərəm?
– Bəli, əlbəttə. Amma bu yalnız birinci dərəcəli qohum olmalıdır. Birinci dərəcəli qohumlar dedikdə  – ata-ana, bacı-qardaş, həyat yoldaşı və övladlar nəzərdə tutulur. Onlardan hər hansı birinin birgə borcalan kimi götürülməsi üçün həmin şəxsin də bütün xərcləri nəzərə alınır və əgər tələblərə cavba verirsə, sizdən əlavə 2 nəfər birgə borcalan gətirə bilərsiniz. Yəni belə halda kreditin qaytarılması 3 nəfərin öhdəsindədir. Təbii ki, mənzil əsas borcalanan adına rəsmiləşdirilir.

– Birgə borcalanların yaşları fərqli ola bilər. Belə halda kredit hansı müddətə götürülür?
– Kredit bir neçə borcalan tərəfindən götürülürsə, bu zaman kreditin bitmə tarixi olaraq borcalanlardan ən yaşlısının 65-ə çatdığı müddət götürülür. Tutaq ki, krediti götürənlərin 35 və 47 yaşı var. Bu zaman 47 yaşı olan şəxsin yaşının 65-ə çatacağı müddət götürülür. Yəni həmin kredit maksimum 18 illiyə verilir.