İyunun 2-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın məbləği 15 milyon manat, nominal qiyməti min manat, tədavül müddəti 25 il, faiz dərəcəsi 3 faizdir. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin olunacaq. Fondun ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.